“1-2 klubdan başqa, hamısı çoxdan ələ alınıb, “məxfi insanlar” yerləşdirilib” – Müsahibə
Dünən AFFA-nın növbədənkənar konfransı keçirildi. Konfransda AFFA-nın nizamnaməsinə bir sıra dəyişikliklər edildi, İcraiyyə Komitəsinin üzv sayı 11-dən 13-ə, vitse-prezident sayı isə 4-ə yüksəldildi və yeni icraçı vitse-prezident vəzifəsi yaradıldı. Bu məsələlərlə bağlı beynəlxalq dərəcəli hakim, “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanovla söhbət etdik:
- Dünən keçirilən növbədənkənar konfransda qəbul edilən qərarlara münasibətiniz necədir?
- Azərbaycan futbolunda növbədənkənar konfrans indi keçirilməməli idi. “2005-2015-ci illər üçün dövlət proqramı”nın müddəti bitən kimi, gec də olsa, futboldakı durum, klubların dağılması, Yevlax, Zaqatala, İmişli, Lənkəranda milyonlar hesabına inşa edilmiş müasir stadionların, “Bakı”nın bazasının aqibəti ilk növbədə müzakirəyə çıxarılmalı, uşaq futbolundan tutmuş, ümumi futbol təsərrüfatında mövcud durumla bağlı SOS (həyəcan siqnalı) elan edilməli, vəziyyətdən çıxış yolları axtarılmalıydı. Bu barədə illərdir mütəxəssislər, jurnalistlər, futbol ictimaiyyəti obyektiv sözünü deyir. Təəssüf ki, diqqət yetirən yoxdur. Əksinə, hamını düşmən obrazında görürlər, futbol Abşeron tupikinə salınıb, boş tribunalı 8 komandalı “Bakı birinciliyi”nə möhtac edilib. Ölkə futbolu çoxdandır çıxılmaz labirintdədir. İllər keçdikcə, futbol dağıldıqca özləri də labirintdə ilişib qalıblar artıq. Son həmlələrdir və atılan addımlar futbolun problemləri ilə bağlı deyil, daha çox özlərinin, kabinetlərdəki ömürlərinin uzadılmasına yönələn qanunların dəyişdirilməsidir. Futbol artıq çoxdandır yaşıl meydanlardan uzaqdır, kabinetlərdə oynanılır.
- Sizcə, yeni icraçı vitse-prezident vəzifəsinin yaradılmasında əsas səbəb nədir?
- Piramidanın son nöqtəsidir. Bütün daxili resurslardan istifadə edilib, tükənilib. 15 ildə ayrılan 100 milyonların, dövlət qayğısının hesabına heç bir ciddi irəliləyiş əldə olunmadı. AFFA-da uzun illərdir prezident, vitse-prezident kabinetləri boş qalıb. Daha doğrusu, prezident kabineti, faktiki, katibliyin əlində cəmləşib və İcraiyyə Komitəsinin qərarları ilə bunlar rəsmiləşdirilib, geniş səlahiyyətlər verilib. Görünən odur ki, vitse-prezidentlər 15 ildir toxunulmaz statusa malikdirlər. Belədə onların sayının artırılmasına gedilib. FİFA, UEFA önə çəkilir, heç də tam olaraq belə deyil. Avropada futbol, ölkə qanunlarına uyğun müxtəlif idarəçilik strukturları var və bir-birindən seçilirlər. Əsas, səlahiyyətli vəzifələrin sayının artırılması yox, işlək, futbola qulluq edəcək mexanizmin olmasıdır. Futbol ictimaiyyəti ilə yanaşı, hiss olunur ki, “yuxarılar”ı da yaradılan şəraitə uyğun inkişafın olmaması narahat edir. İcraçı vitse-prezident vəzifəsi də buna hesablanıb. Ayın sonunda yeni vəzifəyə kim gətiriləcəksə, ölkə futbolunu da böyük ölçüdə idarə edəcək. Hələ ki, futbol ikinci plandadır, daxili çəkişmələr, vəzifə bölgüləri davam edir.
- Yanvarın 28-də milli komandada yeni baş məşqçi məsələsi də müzakirə olunacaq. Sizcə, bu dəfə də xarici məşqçi olacaq, yoxsa yerli?
- Bu sualın qısa və konkret cavabı var: ölkə futbolunun problemləri millinin əcnəbi və ya yerli olması problemi deyil. Baş məşqçi məsələsi nə qədər az müzakirə olunsa, daha xeyirli olar. İlk olaraq ümumi futbol müzakirə edilməli, düzəlməlidir.
- Klublarda məlumat ötürən məxfi insanların olması düzgündürmü? Baş katib Elxan Məmmədov bununla nəyə nail olmaq istəyib və bacarıbmı?
- AFFA Mərkəzi Kəşfiyyat İdarəsinin deyil, FİFA və UEFA-nın üzvüdür. Beynəlxalq futbol qanunları tələblərinə uyğun olaraq klublar müstəqil fəaliyyət göstərməlidir və federasiyanın onların işinə müdaxilə etməsi yolverilməzdir. Milli asossiasiya ümumi futbolun inkişafına cavabdehlik daşımaqla yanaşı, çempionata, klublara müvafiq qaydalara uyğun nəzarət etməlidir. Yerində olmayan, emosional, nələrəsə hesablanan bir açıqlamadır. Klublarda “kəşfiyyatçılar”ı yerləşdirməkdənsə, illərdir qaldırdığımız ikili müqavilələrə vaxtında, lisenziyalaşdırma qanunlarının tələblərinə uyğun, kəsərli qərarlarla son qoyulsaydı, daha faydalı olardı və əksər klublar da dağılmazdı. Digər tərəfdən, 1-2 klubdan başqa, hamısı çoxdan ələ alınıb, “məxfi insanlar” yerləşdirilib. Ona görə də, “Neftçi”, “Qarabağ”, “Qəbələ”nin qrup uğurlarında “məxfi şəbəkə”nin heç bir əməyi yoxdur. Klublara göndərilən “məxfi” prezidentlərdən tutmuş, sıravi işçilərə kimi, dövlətin ayırdığı pulları xərcləyərək havadarlarına “danos”çuluqla məşğul olurlarmış. Özləri etiraf edirlər, futbol onlarlıq deyil, vəzifələri başqa imiş…
- Danışılmış oyunlarda təkcə futbol deyil, başqa sahələrdən də adamların olması nəylə bağlıdır?
- Qeyd olunduğu kimi, bu problem qlobaldır, bütün dünyada mövcuddur. Mərc oyunlarının bu qədər vüsət alması, milyonların dövr etməsi böyük fəsadlara səbəb olur. Müvafiq qurumlarla buna qarşı mübarizənin aparılması təqdirəlayiqdir, alqışlanmalıdır. Şəbəkənin bu qədər geniş olması da futbol idarəçiliyində boşluqların verilməsinin, nəzarətin güclü olmamasının nəticəsidir. Qarşısının alınması mütləqdir.
- Oyun alqı-satqısı problemini necə həll etmək olar?
- Ümumi problemdir və tək bir qurumdan asılı məsələ deyil. AFFA güclü futbol nəzarəti, təşkilatçılığı, doğru addımları ilə qarşısını ala bilər. İllərdir UEFA-dan məktubların ardı-arası kəsilmir. Əvəzedicilərin diviziona qatılması ilə bağlı istər federasiya rəhbərliyi ilə müzakirələrimdə, istərsə mətbuatda dəfələrlə fikirlərimi bildirmişdim. Əvəzedicilər çempionatı az sayda ən uğurlu layihələrdən biri idi. Diviziondakı bataqlığı bilə-bilə gənclərin ora sürüklənməsi futbol adına bağışlanmaz addım idi. Eyni zamanda, illərdir divizion klublarına AFFA xətti ilə dövlətin ayırdığı milyonlarla maliyyə yardımı edilir. Öz əllərində cəmləşən klublara nəzarət çətin olmamalı idi. Ancaq futbola yanaşmanı dəyişməklə, futbolu bilən, məsuliyyətini dərk edən insanlarla bunun qarşısını almaq mümkündür.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin