Mircavadov ABŞ klubuna keçən Nəriman haqda: “Düşünürəm ki, yaxşı olacaq”

“Qarabağ”dan ayrılan hücumçu Nəriman Axundzadə ABŞ-ın “Kolambus Kru” klubuna keçib. Ağdamlılar 21 yaşlı futbolçunun keçidindən 1 milyon avrodan çox gəlir əldə edəcək.

AFFA Məşqçilər Komitəsinin üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov, Axundzadənin ABŞ klubuna keçidi ilə bağlı Komanda.az-a açıqlama verib. Mircavadov bunun Azərbaycan futbolu üçün çox böyük nailiyyət olduğunu bildirib:

“Bilirsiz, Nərimanı görüblər, xoşlarına gəlibsə, mən deyərdim ki, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir. İlk dəfə bir azərbaycanlı futbolçu Amerika klubuna keçdi. Düşünürəm ki, Nəriman özü də bunun fərqindədir. Və onun oyunu orada yaxşı alınsa – inanıram ki, alınar – bundan sonra burdakı başqa oyunçulara ehtiyac olacaq. Əsas odur ki, inansınlar azərbaycanlı oyunçulara. İnansınlar ki, Azərbaycanda yaxşı uşaqlar da var, oynaya bilərlər.

Uğurlu olub-olmayacağı da özündən asılıdır. Uyğunlaşmalıdır, mən elə düşünürəm ki, yaxşı olacaq. Çünki get-gedə Amerika çempionatı güclənir. Yəni, orada əksəriyyəti yaşlı oyunçulardır, ustalıq səviyyəsində, əlbəttə, onlar üstündür.

“Qarabağ” da Nərimana görə yaxşı pul qazandı. Yəni, hazırda gedib, Allah xeyrini versin. Biz istəyirik ki, Nəriman orada yaxşı oynasın. Yaxşı oynasın ki, azərbaycanlı oyunçulara inansınlar. Digər futbolçularımız üçün bir növ tramplin rolunu oynamalıdır. Əsas budur. İnam böyük şeydir. Azərbaycanlı futbolçuya inam varsa, yaxşı olacaq. Nərimanın da bu baxımdan böyük əməyi olmalıdır. Böyük əmək dedikdə, özü inkişaf etməlidir, yaxşı oynamalıdır, hər oyunda sabit çıxış etməlidir. Belə olan halda, başqa oyunçularımızla da maraqlanacaqlar”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button