“Karvan-Yevlax” “sükan”ı Yunis Hüseynova tapşırmaq istəyir – Onun isə tələbi var

“Karvan-Yevlax”da sular durulmaq bilmir ki, bilmir. Yevlax təmsilçisi qapını göstərdiyi sabiq baş məşqçisi Azər Həşimovun tələb etdiyi təzminatı ödəmədiyi üçün iş məhkəməyə kimi uzana bilər. Komandaya yeni gələn Füzuli Məmmədovla isə bu ağır durumdan çıxmağın çətin olacağı görünür. “Karvan-Yevlax” elə dünən keçirilən Premyer Liqa matçında öz meydanında “Şamaxı” kimi büdcəsi və iddiası az rəqibinə 0:3 hesabı ilə uduzdu.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Karvan-Yevlax” rəhbərliyi çıxış yolu axtarır və “sükan”ı keçmiş baş məşqçisinə tapşırmaq istəyir. Söhbət fasilələrlə, 2004-cü ildən 2009-cu ilədək “Karvan”ın baş məşqçisi olmuş Yunis Hüseynovdan gedir. Hazırda “Turan Tovuz”da köməkçi-məşqçi kimi çalışan Hüseynov keçmiş komandasına qayıtmağa müsbət yanaşır. Amma o, “Karvan-Yevlax” rəhbərliyinə hazırkı heyətlə Premyer Liqada qalmağın çətin olacağını deyib və qış transfer dövrü üçün əlavə büdcə istəyib. Klub rəhbərliyinin Hüseynovun bu istəyini qarşılamaq ehtimalı isə elə də yüksək deyil.

“Karvan-Yevlax” keçirdiyi 14 oyundan sonra Azərbaycan Premyer Liqasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button