
Azərbaycanda “İlin məşqçisi” adına NAMİZƏDLƏR
2025-ci ilin son ayını yaşayırıq. Komanda.az saytı uzun illərdir ki, hər ilin sonunda Azərbaycanın ən yaxşı futbol məşqçisinin adına aydınlıq gətirmək üçün sorğu keçirir. İdman mediası və ictimai-siyasi mətbuatdan saytların, telekanalların, qəzetlərin qatıldığı sorğuda Azərbaycanın ən yaxşı futbol məşqçisi məlum olur. 2025-ci ilin ən yaxşı məşqçisini ənənəvi olaraq, Komanda.az-ın sorğusunda yenə Azərbaycan mətbuatı seçəcək.
İlin məşqçisi olmağa namizədləri seçərkən, onların son bir ildə qazandığı nəticələr əsas götürülür. Komanda.az saytı (əvvəllər “Komanda” qəzeti) 2009-cu ildən Azərbaycanda ilin məşqçisini seçir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 14 dəfə, “Neftçi”nin mərhum çalışdırıcısı Böyükağa Hacıyev 1 dəfə ilin (2012-ci il) ən yaxşısı seçilib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən ilin məşqçisi seçilməyib.
Komanda.az 2025-ci ilin ən yaxşı məşqçisi adına 5 namizədi təqdim edir.
“İlin ən yaxşı məşqçisi” adına namizədlər:
Ayxan Abasov – Azərbaycan milli komandası/”Şamaxı”
Fernandu Santuşun göndərilməsindən sonra Azərbaycan millisinin “sükanı arxasına” keçən Ayxan Abbasov elə ilk oyunundaca Ukrayna yığması ilə Bakıdakı heç-heçə ilə (1:1) komandaya DÇ-2026-nın seçmə mərhələsində ilk və yeganə xalını qazandırdı. Buna kimi isə o, il ərzində U-21 millisi ilə yaxşı təsir bağışlamışdı. Həmçinin, Abbasovun baş məşqçisi olduğu “Şamaxı” Azərbaycan Premyer Liqasında çıxış edən klublar arasında ən az büdcəyə malik olanlardan biri olsa da, ötən mövsümün sonunda “Sumqayıt”, “Kəpəz”, “Səbail” kimi komandaları qabaqlayaraq, mövsümü turnir cədvəlində 7-ci yerdə başa vurdu.

Elmar Baxşıyev – “Araz-Naxçıvan”
“Araz-Naxçıvan” son mövsümdə Elmar Baxşıyevin başçılığı altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tutaraq, mükafatçılar sırasına düşməyi bacardı. Naxçıvan təmsilçisi tarixində ilk dəfə qatıldığı UEFA Konfrans Liqasında da mərhələ adlaya bildi. Turnirə 2-ci təsnifat mərhələsindən başlayan komanda Yunanıstanın “Aris” klubunu mübarizədən kənarlaşdırmağı bacardı. “Araz-Naxçıvan”ın 3-cü mərhələdə yolunu Kipr “Omoniya”sı kəsdi.

Qurban Qurbanov – “Qarabağ”
Qurban Qurbanovlu “Qarabağ” son illərdə adət etdiyimiz kimi, 2025-ci ildə də Azərbaycan çempionu oldu. Amma budəfəki çempionluğun davamı UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqəni də gətirdi. “Köhlən atlar” hələ də Çempionlar Liqasında mübarizəsini davam etdirir. Komanda xüsusən, “Benfika”nı səfərdə məğlub etməsi, “Çelsi” kimi dünya futbolunun nəhəngindən Bakıdakı oyunda (2:2) xal alması ilə növbəti dəfə azarkeşlərinə sevinc bəxş etdi. Bütün bu uğurların memarı isə şübhəsiz ki, Qurban Qurbanovdur.

Rəşad Sadıqov – “Zirə”
“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi altında son mövsümdə Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı oldu. Komanda çempionatda ikinci yeri tutmaqla UEFA Konfrans Liqasında iştirak hüququ qazandı. Düzdür, komanda mübarizəyə start verdiyi 2-ci mərhələdəcə çıxışını dayandırdı. Xorvatiyanın “Hayduk” komandası ilə heç-heçə və məğlubiyyətlə yekunlaşan oyunlardan sonra “Zirə” avrokuboklarla erkən vidalaşdı. Amma buna baxmayaraq, komanda tanınmış rəqibi ilə oyunlarda yaxşı təsir bağışladı.

Vasili Berezutski – “Sabah”
Rusiyalı mütəxəssis “Sabah”da az işləsə də, komandaya tarixində ilk dəfə kubok qazandırmağı bacardı. 2024-cü ilin noyabrından 2025-ci ilin iyun ayına qədər Masazır təmsilçisini çalışdıran Berezutski komanda ilə Azərbaycan kubokuna sahib çıxdı. Özü də, “Sabah”ın finalda məğlub etdiyi komanda “Qarabağ” oldu. Bu, komandanın yüksək liqada çıxışından bəri qazandığı ilk titul idi. Kuboka sahib çıxması “Sabah”ın UEFA Avropa Liqasına da yolunu açdı.

Bizi Facebook-da izləyin



