“Çelsi” bizi ciddiyə alsa, tam gücü ilə oynasa, “Qarabağ”ın heç bir şansı yoxdur” – SORĞU

“Qarabağ” noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edəcək.

Komanda.az Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla bağlı idman mediasında çalışan həmkarlarımızın fikirlərini öyrənib. Həmçinin, onların matçla bağlı təxmini də olsa, proqnozlarını öyrənməyə çalışdıq:

Natiq Muxtarlı (aut.az):

“Heç şübhəsiz, cari mövsümdə Çempionlar Liqasının əsas tapıntısı, sürpriz komandası “Qarabağ”dır. Ona görə də, “Qarabağ”a indi bütün komandalar ciddi yanaşır, o cümlədən “Çelsi”.

London klubunun baş məşqçisinin “Qarabağ”ı incələməsində qeyri-adi heç nə yoxdur. İstənilən məşqçi rəqibi təhlil etməlidir və oyun planı qurmalıdır. Sözsüz ki, artıq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da “Çelsi”ni təhlil edib və yəqin ki, komandasının necə oynayacağı ilə bağlı planı var. Amma etiraf etməliyik ki, görüşün əsas favoriti “Çelsi”dir. Heyətində saysız-hesabsız istedadlar var bu komandanın. Hətta heyəti o qədər genişdir, ekspertlər deyirlər ki, Premyer Liqaya rahatlıqla iki komanda buraxa bilərlər.

“Qarabağ”ı təzyiq altında saxlamağa haqqımız yoxdur. Ancaq o dəqiqdir ki, Qurban Qurbanovun komandası vuruşacaq, “Çelsi”yə Bakıdan üç xalı aparmaq asan başa gəlməyəcək. Hər şey meydandakı bir çox detallardan asılı olacaq. Səhv minimum olmalıdır. “Qarabağ”ın qol vurmaq üçün şansı olacaq? Mütləq olacaq. Amma onlardan maksimum yararlanmaq şərtdir. Düzünü desək, “Çelsi” ilə oyunda “Qarabağ”dan qələbə gözləmirəm, amma mübarizə, parlaq oyun gözləyirəm. Çünki reallığı qəbul etməliyik, Azərbaycan çempionatının iştirakçısı Premyer Liqa nəhənginə qalib gələcək potensiala malik deyil. Bu, yalnız “Qarabağ”ın möcüzəvi, tam səhvsiz oyunu nəticəsində gerçəkləşə bilər. Amma unutmayaq, “Çelsi” kimi komandaların səviyyəsi o qədər yüksəkdir ki, onlar rəqibi mütləq səhvə vadar edirlər.

Və o reallıqla da barışmalıyıq ki, “Qarabağ”ın ilk səkkizliyə düşmək şansı yoxdur. Bu, aksiomadır, sübuta ehtiyac duymur. Özümüzü aldatmayaq. Şans gətirsə, hələ ki, ilk 24 komanda arasında yer almaq perspektivi var. Arzu, istək öz yerində, ancaq aşırı utopik olmağa da ehtiyac yoxdur. Sadəcə, Çempionlar Liqasında iştirakdan həzz almaq lazımdır. Bəlkə də, hansısa Azərbaycan komandası bir də 10 ildən sonra Çempionlar Liqasının əsas mərhələsində olacaq. Hətta bir daha olmaya da bilər, futbolumuzun reallığını nəzərə alsaq. Ona görə də, mümkünsüz xəyallar qurmaqla nə özümüzü, nə də “Qarabağ”ı təzyiq altında saxlamayaq. İndi futboldan – Çempionlar Liqasındakı həyəcandan zövq almaq lazımdır, vəssalam”.

Elçin Cəlilov (futbolpress.az):

“Təbii ki, bu oyunla bağlı deyə biləcəyim əsas fikir odur ki, azarkeşlər stadiona gəlsinlər və bu tarixi məqamdan zövq alsınlar. Çünki Azərbaycan futbolu adına “Qarabağ”ın bu yerlərə gəlib çıxması özü bir müsbət nonsesdir. Təbii ki, futbol imkanlarımız arasında fərq yerlə göy qədərdir. Azarkeş təbii ki, nəticə istəyəcək və haqqıdır da. Amma ümumilikdə, biz bu oyunu təhlil etsək, nəticə barədə proqnoz və yaxud oyunun necə gedəcəyi barədə fikirlərimiz yalnız romantik pozitivlik anlamında ola bilər. Yəni, biz “Qarabağ”ın daha yaxşı oynamasını, uduzmamasını arzulaya bilərik. Çünki mövqelər, fərdlər, keyfiyyət üzrə çox böyük fərq var. Amma futboldur, bu deyim həmişə aktuallığını qoruyur: futboldur, futbol da möcüzələri sevir. Yəni, bu möcüzənin xatirinə deyil, “Qarabağ”ın son 12 ildə dayanmadan qruplara düşməsinin xatirinə hamı stadiona, stadiona gedə bilməyənlər evində ekran qarşısında “Qarabağ”a dəstək verməli və ümumiyyətlə, o məqamdan zövq almaq lazımdır”.

Kənan Məstəliyev (rekord.az):

“Dünyanın ən güclü, ən titullu komandalarından biri, çox güclü, çox çətin bir rəqib olan “Çelsi” Bakıya gəlir. Əslində belə komandaların Bakıya gəlməsi özü böyük bir futbol bayramıdır. Yəni, bu səviyyədə futbolçuları biz heç də həmişə Azərbaycanda görmürük. Onları canlı izləmək özü böyük bir zövqdür. Ona görə də, bu oyunun hər məqamından zövq almaq lazımdır.

Meydanda baş verənlərlə bağlı danışsaq, deyə bilərəm ki, reallıqda bizim bu oyundan xal qazanmaq şansımız çox aşağıdır. Çünki “Çelsi” bizi ciddiyə alsa, tam gücü ilə oynasa, tam performansını nümayiş etdirsə, “Qarabağ”ın heç bir şansı yoxdur. Yeganə ümidimiz onadır ki, “Çelsi” bizə barmaqarası yanaşa, özünü yormaq istəməyə və ölkə çempionatındakı uğuru daha ciddiyə alar, daha çox istəyər, bir qədər mübarizədən çəkinər – belə olan halda, biz minimal şanslarımızdan istifadə edib xal qazanmağa çalışa bilərik.

Futbolda hər nəticə qeydə alına bilir, amma reallıq odur ki, qalib tərəfin “Çelsi olma ehtimalı çox böyükdür”.

Anar Şabanoğlu (sports.az):

“Aydın məsələdir ki, oyunçularının dəyəri bir milyard avronu keçən dünya nəhəngi “Çelsi” matçın aşkar favoritidir. Qeyri-adi nəsə baş verməsə, “zadəganlar” qalib gəlməlidir.

Amma biz futbolda dəfələrlə sensasiyalara şahidlik etmişik. O cümlədən, elə “Qarabağ”ın timsalında. “Qarabağ” hələ 11 il əvvəl bu qədər güclü olmayanda Milan “İnter”ini məğlub etmişdi, amma hakim son saniyələrdə vurulan təmiz qolu saymadı. Qurban Qurbanovun komandasının indi Çempionlar Liqasının əsas mərhələsində çıxışı, “Benfika” kimi klub üzərində Portuyaliyada əzmkar qələbəsi də əsl sensasiyadır.

Könül istər ki, daha bir sensasiyanı londonlularla matçda görək. Amma istənilən halda, “Qarabağ”ın bu yerlərə yüksəlməsi, “Çelsi”ni Bakıya gətirməsi tək klub yox, Azərbaycan adına çox böyük işdir. Reallıq belədir ki; indi heç kim futbolçularımızdan mütləq qələbə qazanmağı və xal almağı tələb etmir. Dolu tribunalar önünə çıxıb, rahat şəkildə bacarıqlarını ortaya qoymağa çalışacaqlar. Ümid edək ki, bəxt bizim tərəfdə olacaq və hər şey bizim istədiyimiz kimi nəticələnəcək”.

“Qarabağ” – “Çelsi” matçının start fiti sabah saat 21:45-də səslənəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button