Yurçeviç: “Bir qələbə qazansaq, hər şey fərqli ola bilər”
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Yurçeviç media nümayəndələri ilə görüşdə bunları deyib:
- Sabah bizim üçün böyük oyun olacaq. Yüksək motivasiyamız var. İki gün əvvəl oyunun bitiminə 5 dəqiqə qalmış, qol buraxdıq. Uelslə oyun bu seçmə mərhələdə bəlkə də ən yaxşı oyunumuz idi. Futbolçularla danışmışıq, kifayət qədər motivasiyalıdırlar. Hamı Xorvatiyanın necə güclü olduğunu və heyətində ulduz futbolçuların yer aldığını bilir. Slovakiya ilə fantastik oyun sərgilədilər. Ancaq bu o demək deyil ki, şansımız yoxdur. Öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Sabahkı oyuna hazırıq.
- Ağabala Ramazanov sabah əsas heyətdə olacaqmı?
- Bir sıra kiçik zədəli oyunçularımız var. Onlarla danışdıqdan sonra qərar verəcəm. Ağabalanın sabah oynamaq üçün şansı var.
- Qapıçı mövqeyində Səlahət Ağayev olacaq, yoxsa dəyişiklik edəcəksiz?
- İndi bu haqda nəsə deyə bilmərəm. Hələ qərar verməmişəm.
- Seçmə mərhələdə səfər matçlarında evdəkindən daha yaxşı çıxış etmişik. Bunun səbəbi nədir?
- Ev oyunlarımız iyun ayına təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən qollar buraxdıq. Standart vəziyyətdən gələn qollar mənfi nəticənin səbəbi idi.
- Emin Mahmudov hazırda mövqeyinin ən yaxşılarındandır. Onun nə üçün əsas heyətdə olmadığının səbəbini deyə bilərsiz?
- Emini çox bəyənirəm. İndiyə qədərki oyunlarımızda daha çox müdafiə olunduğumuz üçün oynamayıb. Ümid edirəm ki, onun da şansı olacaq.
- Yaxşı nəticə olması üçün sizə nə qədər vaxt lazımdır?
- Hər oyun yaxşı nəticə qazanmaq olmur. İki oyunda 1 xal qazanmağa çox yaxın idik, ancaq alınmadı.
- Sabahkı oyunda Uels və ya Xorvatiya ilə oyunlardakı modeldən görəcəyik, yoxsa fərqli nəsə olacaq?
- Sabahkı oyunda 3-cü model olacaq. Dəyişikliklər də olacaq. Həm müdafiədə, həm də hücumda kompakt olmalıyıq.
- Xorvatiyanın gücü bəllidir. Hər bir komandanın da zəif nöqtəsi olur. Bunu tapa bilmisizmi?
- Hər komandanın zəif tərəfi olur. Slovakiya ilə ilk oyunda Xorvatiya yaxşı oynamadı. Hamı deyirdi ki, onlar əvvəlki komanda deyil. Ancaq ikinci oyun fərqli oldu. İki oyunu yüksək səviyyədə keçirmək çətin olur.
- Eddi İsrafilovu zədəli olduğu üçün milliyə çağırmadız, ancaq dünən “Albasete”də oyuna çıxdı…
- Eddi bizim üçün vacib oyunçudur. Son 2-3 həftə ərzində onunla danışmışıq. Mənə dedi ki, 15-20 dəqiqə oynaya bilər. Bu səbəbdən çağırmadım.
- “Kayserispor”da Hüseyn Açar deyə oyunçu var, onun yığmaya çağırılması mümkündürmü?
- Azərbaycan millisində oynaya biləcək bütün futbolçular diqqətimizdədir. Bu, indinin müzakirəsi deyil.
- Hansı məğlubiyyətimiz yaxşı alındı və qrupda bundan sonra neçənci yeri tutacağınızı düşünürsüz?
- Məğlubiyyətləri müqayisə etmək istəmirəm. Uelslə oyun daha yaxşı idi. Hazırda sonuncuyuq. Böyük ehtimalla 5-ci olaraq qalacağıq. Hər xal üçün mübarizə aparacağıq. Bir qələbə qazansaq, hər şey fərqli ola bilər.
- Uelslə oyunla bağlı fikirləriniz?
- Yaxşı oynadıq, nəticə olmadı ancaq.
- Uelslə oyunda yaxşı çıxış etdiz. Çox güc sərf etdiz, bunun sabahkı oyuna təsiri necə olacaq?
- Sabahkı oyunda 2-3 oyunçu dəyişikliyi ola bilər. Motivasiya sayəsində güc əldə edəcəyimizi düşünürəm. Xorvatiyanın oyunçuları böyük liqalarda çıxış edir. Nəticə qazanmaq üçün çalışacağıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin