Ya “Qarabağ”… Ya da, elə “Qarabağ”

Rəşad Ergûn

“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniya “Şkendiya”sını mübarizədən kənarlaşdırsa, pley-offda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Təbii ki, pley-offa çıxmaq üçün “köhlən atlar” əvvəlcə “Şkendiya”ya “yerini göstərməlidir”. Göstərəcək də. “Qarabağ” “Şkendiya” kimi komandalara sürpriz etmək imkanı verməyəcək qədər böyüyüb.

“Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa da çox yaxındır. “Ludoqorets” də, “Ferentsvaroş” da keçiləcək komandalardır. Qurban Qurbanovun komandasının “Ludoqorets”ə də, “Ferentsvaroş”a da məğlubiyyət acısı yaşatması yaxın illərin əhvalatıdır.

“Qarabağ”ın 2024/2025 mövsümündə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iki oyunun nəticəsinə (1:2, 7:2) görə Bolqarıstan komandasını mübarizədən kənarlaşdırması kimin yadından çıxıb?

Bəs Azərbaycan çempionunun Macarıstan klubu ilə 2022-ci ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyunlar? Bakıdakı matçda 1:1 hesabı, səfərdə 3:1 hesablı qələbə və ardınca pley-offa vəsiqə.

Çempionlar Liqasının pley-off mərhələsindəki bütün potensial rəqiblər məlum olanda zatən aralarında qorxulu komanda olmadığı aydın idi. Bəlkə də, hətta “bəlkəsiz”, aralarından ən münasib, ən uyğun olanlar “Qarabağ” üçün potensial pley-off rəqiblərinə çevrildilər.

“Qarabağ” bu il Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq… Qazana bilər… Qazanmalıdır…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button