Alınmadı, Mahir, alınmadı

Kürşad

Mahir Emreli Polşanın “Legiya” klubunda başlayan legioner karyerasını Cənubi Koreyanın “Seul” komandasında bitirmək üzrədir. Hə, bitirmək üzrə. Cənubi Koreya “Squid Game” adlı serialla insanları ekran və ya monitor qarşısına kilidləməyi bacardı, amma futbolu, çempionatı o deyil axı. Ən azı, azərbaycanlıların gördüyü, izlədiyi çempionat deyil. Ən azı Xorvatiya çempionatı deyil. Almaniyanın 2-ci Bundesliqası isə heç deyil.

Mahirin artıq 28 yaşı var. Dörd illik Avropa macərasındakı başarısızlığına görə Emrelini qınamaq olarmı, olmazmı, bu, müzakirəyə açıq mövzudur. Amma dəqiq olan bir şey var ki, Emreli getdiyi ölkələrdə, klublarda Azərbaycan futbolunun yaxşı mənada siması, sifəti ola bilmədi. Polşa çempionatında nisbətən uğurlu başlanğıcdan sonra Xorvatiyada – Zaqreb “Dinamo”sunda hüsrana uğradan bir zaman. Xorvatlar azərbaycanlı hücumçunu “Konyaspor”a “alın, sizin güclənməyə ehtiyacınız var” jesti edərək verməmişdilər, sadəcə, ondan qurtulmağın bir yolu idi. Bu dünyada heç bir klub, heç bir baş məşqçi özü üçün dəyərli, faydalı olan futbolçunu başqalarına xeyiri dəysin deyə icarəyə verməyib, vermir, verməz də.

Miroslav Klozenin komandasında da – “Nürnberq”də heç nə alınmadı və ya alınmır. Cənubi Koreya çempionatı Mahir üçün legioner karyerası baxımdan yolun sonudur. Artıq 24 yaşında da deyil.

Hə, cəmi azərbaycanlıların böyük ümidlər bəslədiyi Emrelidə alınmadı. Amma insafən, çalışdı, cəhd etdi. Sadəcə… Bizdə özbək abdukodir xusanovlar, eldor şomurodovlar, gürcü xviça kvaratsxeliyalar, jorj mikautadzelər olmadığı kimi, onları yetişdirə biləcək beyinlər, başlar, baş məşqçilər, məşqçilər də yoxdur. Bizdə çox şey yoxdur, bəylər, çox şey. Çox şeyi olmayan ölkənin futbolundan isə Mahir Emreli kimi insana həvəsini, sevincini yarımçıq yaşadanlar çıxar.

Gedək, “Squid Game”i təkrar izləyək…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button