“Biz də 11 nəfərlə oynamaq istəyirik” – Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Ağır oyun oldu. Kubok matçları həmişə çətin keçir. Bu tsikldə oynamaq futbolçular üçün ağırdır. Amma oyunun dinamikası xoşuma gəldi. Komanda meydanda yaxşı hücumlar qura bildi. Bugünkü oyundan razıyam. Biz də bilirik ki, sıxıntımız var. Əfsuslar olsun ki, son oyunlar tendensiya yaranıb ki, hər şey “Qəbələ”yə qarşı olur. Son matçlardakı qırmızı vərəqələr, qapımıza verilən penaltilər… Bizdən başqa hamı danışır. Amma hələ ki, susmuşuq, artıq mən də danışmalıyam. Görürük ki, meydanda bizə fərqli baxırlar. Rəqibə qarşı yüngül, bizə qarşı sərtdilər. Epizodlar göstərə bilərik ki, hakim fərqli qərarlar verib. İstədiyimiz odur ki, bizə qarşı da ədalətli qərarlar versinlər. Klub səviyyəsində etiraz etməmişik. Amma bu gün o etirazı edirəm. Bizi belə məhv etməsinlər. Biz də 11 nəfərlə oynamaq istəyirik. Hakim qərarlarının bizə qarşı düzəlməsini istəyirik.
Verilən qərarlara etiraz etmirik. Doğru qərarlardır. Üçü də qırmızıdır. Amma epizodlar göstərərəm ki, rəqib də cəzalana bilər. Amma rəqiblərə qarşı yüngüldürlər.
Bura gələndən qarşımda yüksək büdcə olmayıb. Az büdcə ilə burada çalışmışam. Davam edirəm. Qarşıdakı oyunumuz “Zirə”yə qarşıdır. “Neftçi” ilə matçda 4 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdılar. Mən nə düşünməliyəm? Ümid edirəm ki, hakimlər sarı vərəqələrdə başqa prizmadan yanaşmayıblar. Bizim oyunçuları rahat şəkildə cəzalandırırlar. Ağlıma pis fikirlərin gəlməsini istəmirəm. Amma hakimlərin qərarlarına etiraz edirəm”.
Bizi Facebook-da izləyin