“Biz Mutuya inanırıq” – “Neftçi”nin legioneri
“Neftçi”nin müdafiəçisi Mark Tamaş komandasının çıxışından danışıb.
Komanda.az “nemzetisport.hu” saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın 9-cu turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları görüşdə bu nəticəyə layiq olmadıqlarını bildirib:
“Əvvəlki çempionat matçlarındakı kimi, bu dəfə də kifayət qədər qol şanslarımız oldu. Təəssüf ki, yenə imkanları dəyərləndirə bilmədik. Artıq həftələrdir bu problemlə mübarizə aparırıq. Yaranmış vəziyyət bizi hədsiz dərəcədə əsəbiləşdirir. “Qarabağ”ın isə iki imkanı oldu, hər ikisində qol vurdu.
Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik. Hücumçularımız effektli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq. Zərbələri qola çevirməməyimizin səbəbi ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə, uğursuzluq zolağındayıq. Bəzən topu qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə topu necə qaytaracağını bilmir. Yenə də üzərimizdə çox çalışmağımız öz bəhrəsini verəcək. “Səbail”lə növbəti turun oyununda uğurlu seriyaya başlayacağımıza inanıram.
Əvvəlcə Konfrans Liqasında, ardından isə çempionatda oynamaq şansı yaxaladım. Buna görə çox şadam. Son 3-4 görüşdə özümü gözlədiyim formada hiss etdim. Baş məşqçimiz Adrian Mutu mənə güvənir. Xoşbəxtlikdən klub rəhbərliyi də ona inanır. Biz də ona inanırıq. O, ötənlərin məşhur hücumçusudur. Şübhəsiz ki, bizi daha effektli etməyin yolunu tapacaq. Bəlkə də, hücumçularımız özünəinam hissi qazanmaq üçün məşqdə boş qapıya zərbələr vurmalı olacaqlar.
Yığmamız son vaxtlar sabit və uğurlu futbol göstərir. Dəvət almayacağımı təxmin etmişdim. Yenə də adlar oxunanda insan öz adının səslənəcəyini gözləyir. Mənim işim yaxşı futbol oynamaq və əlimdən gələni etməkdir. Təslim olmayacağam”.
“Neftçi” hazırda 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin