“Azarkeşlər gedib öz işləriylə məşğul olsunlar” – Deputat
Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyətindən və buna görə azarkeşlərin AFFA rəhbərliyini istefaya çağırmasından danışıb.
Komanda.az xəbər verir ki, Ağacan Əbiyev azarkeşlərin öz işlərilə məşğul olmalarını məsləhət görüb:
“Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir”.
Deputat deyib ki, azarkeşlər belə ağıllıdırlarsa və futbolu daha yaxşı bilirlərsə, buyurub özləri oynasınlar:
“Görək, azarkeşlər futbol oynayanda necə udurlar? Bəs komandamız qalib gələndə niyə azarkeşlər təşəkkür etmirlər? Bir komanda udanda digəri uduzar, bu, həyatın qanunudur. O gün Fransa komandası da Türkiyəyə 0:2 hesabı ilə uduzdu. Buna görə istefa oldu? Mən yenə deyirəm ki, hansısa idman azarkeşlərinin istəyilə AFFA rəhbərliyini və məşqçiləri dəyişmək olmaz. Dünyanın heç yerində belə təcrübə yoxdur. Digər tərəfdən isə dünyada elə dövlətlər var ki, onlar futbolun inkişafına Azərbaycandan dəfələrlə çox vəsait ayırırlar. Ancaq Azərbaycan komandası onlardan üstün olur. Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər. Mən yenə deyirəm. Bu, futboldur, komanda udar da, uduzar da. Azarkeşlər gedib futbollarını izləsinlər. Digər məsələlərlə futbolçular məşğul olur”. (demokrat.az)
Bizi Facebook-da izləyin