De Byazi sabah Azərbaycan millisindən uzaqlaşdırıla bilər

Sabah AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda müzakirə ediləcək əsas məsələ milli komandanın AÇ-2024-ün seçmə mərhələsində keçirdiyi iki oyundakı nəticələri olacaq (İsveç – 0:5, Avstriya – 1:4).

Komanda.az-ın etdiyi məlumata görə İcraiyyə Komitəsinin iclasında baş məşqçi Canni De Byazinin istefaya göndərilməsi məsələsi də gündəmin mövzularından olacaq. AFFA rəhbərliyi italiyalı mütəxəssisi vaxtından əvvəl postundan göndərməklə, ona ödəniləcək kompensasiyanı da gözə alır. De Byazinin federasiya ilə müqaviləsi AÇ-2024-ün seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulub.

İtaliyalı məşqçini millidən uzaqlaşdırmaqla AFFA rəhbərliyi özünə yönələn tənqidləri də azaltmaq istəyir.

İcraiyyə Komitəsinin üzvləri arasında yığma komandanın yeni baş məşqçisinin yerli mütəxəssis olmasını istəyənlər çoxluq təşkil edir. Komanda.az saytının bir müddət əvvəl də xəbər verdiyi kimi, millinin baş məşqçi postuna namizədliyi daha çox düşünülən “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov və “Kəpəz”in “sükanı arxasında” olan Tərlan Əhmədovdur.

İstənilən halda, milli komanda ilə bağlı bütün suallara sabah keçiriləcək iclasda aydınlıq gələcək. De Byazi seçmə mərhələnin növbəti oyunlarında uğurlu nəticəyə söz verməsə, AFFA rəhbərliyini inandıra bilməsə, bir sözlə, postunda qalmaq üçün xüsusi canfəşanlıq göstərməsə, Azərbaycan yığmasından uzaqlaşdırılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button