Avroliqa matçında qapıçıya hücum edən azarkeşə 40 illik cəza
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Niderlandın PSV komandası ilə səfər oyunu zamanı İspaniyanın “Sevilya” klubunun qapıçısı Marko Dmitroviçə hücum edən azarkeşin cəzası açıqlanıb.
Komanda.az xəbər verir ki, niderlandlı fanatın 40 il futbol matçlarına girişi qadağan edilib.
Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sözügedən şəxs qarşıdakı 2 il ərzində hətta klubun ev oyunlarını keçirdiyi “Filips Stadium”un yaxınlığına da buraxılmayacağı diqqətə çatdırılıb.
Araşdırmalar nəticəsində həmin azarkeşin daha öncə də xuliqanlıq etdiyi və Niderland Futbol Federasiyası tərəfindən 2026-cı ilə qədər cəzalandığı müəyyənləşib. Lakin o, başqa bir dostunun adına alınmış biletlə “Sevilya”ya qarşı oyunu izləmək imkanı qazanıb.
Xatırladaq ki, fevralın 23-də keçirilmiş bu matçda “Sevilya” rəqibini 2:0 hesabıyla məğlub etmişdi. Qarşılaşmanın əlavə vaxtında meydana girən azarkeş qapıçıya hücum etmişdi. Lakin Dmitroviç sayıq davranaraq həmin fanatı zərərsizləşdirə bilmişdi.
Bizi Facebook-da izləyin