Murad Musayev: “Qarabağ”a çatsaq…”

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 21-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Uşaqlar oyuna yaxşı köklənmişdilər. Arqessiv, sürətli futbol göstərdik. Bizim üçün vacib olan üç xal əldə etdik. “Qarabağ”ın 2 gün əvvəl “Kəpəz”lə səfər oyununda xal itirməsi bizim üçün əlavə motivasiya deyildi. Bizi maraqlandıran öz oyunumuzdur. Rəqibin xal itirməsi haqda düşünmürük. Çempionluq barədə danışmaq istəmirəm. Xal baxımından “Qarabağ”a çatsaq, çempionluq barədə danışa bilərik. İndiki məqamda 5 xallıq fərq böyükdür”.

Musayev son turlar vurduğu qollarla bombardirlər yarışında üçüncü pillədə olan Coy-Lens Mikelsin çıxışına da toxunub: “Əlbəttə, o da bombardir olmaq istəyər. Əsas olan komandanın uğurudur. Mikels ötən mövsüm də bizim bombardirlərimizdən idi”.

“Sabah”ın çalışdıcısı komandasının ilk 30 dəqiqədən sonra parlaq çıxış etməməsinin səbəbini belə izah edib: “3:0-dan sonra rahatlaşmamışdıq. Amma bir az aqressiyamız azalmışdı. Oyuna nəzarət bizim əlimizdə idi. 90 dəqiqə eyni tempdə oynamağa çalışırıq. Əsas olan odur ki, nizamı itirmirik”.

Rusiyalı mütəxəssis komandasının azlıqda qalmasına da toxunub: “Qırmızı vərəqə təəssüf doğurur. Hakimin qərarı 50/50 idi. Ümumilikdə oyunumuzdan razıyam. Heç vaxt azlıqda qalmaq istəmirik. Heç nədən qırmızı vərəqə aldıq”.

Musayev sona kimi bu tempi qorumağa çalışacaqlarını vurğulayıb: “Ümid edirəm ki, eniş olmayacaq. Sehrbaz deyiləm. Əvvəlki xal itkilərinə baxsaz, ya azlıqda olmuşuq, ya rəqib şansının köməyi ilə qol vurub. Qırmızı vərəqələr, zədələr itkilərə gətirib çıxardı. Rəqiblərlə aramızdakı xal fərqinə baxmalı deyilik. Oyundan oyuna düşünməliyik. Regionlarda oynamaq çox çətindir. “Qarabağ” Gəncədə çətinliklə üzləşdi. Meydança pis idi. Biz öz oyunlarımıza köklənməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button