“Mahir Emreli yoldan keçən biri kimi görünür” – Xorvatiya mətbuatı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya mətbuatında müzakirə mövzusuna çevrilib.

Komanda.az xəbər verir ki, “germanijak.hr” saytının ekspertləri “Dinamo”nun (Zaqreb) hücumçusunun hazırkı durumunu dəyərləndirib. Jurnalistlər Xorvatiya klubunda əsas heyətdən kənarda qalan Mahirin kollektivə heç cür uyğunlaşa bilmədiyini vurğulayıblar:

“Maksimir”dəki Azərbaycan millisinin futbolçusu yoldan keçən biri kimi görünür. Bəzən onun burada olduğunu da unuduruq. Bu mövsüm cəmi 173 dəqiqə oynayıb, 1 qol vurub. Komandaya ciddi faydası dəyməyib.

Baş məşqçi mövsümün əvvəlində Emrelini oyun qurucusu kimi oynatmağı düşünürdü. Halbuki Mahir cinahda da çıxış edə bilir. Amma o, bu mövqelərin heç birində özünü göstərə bilmədi. Üstəlik, “Dinamo”ya gəldikdən sonra bir neçə dəfə zədələnib. Deyəsən, “Dinamo”nun paltardəyişmə otağına və komanda yoldaşlarına hələ tam uyğunlaşmayıb. Əsas sual bu olmalıdır: qış fasiləsinə qədər neçə oyunda şans qazanacaq? Çünki hücumda Bruno Petkoviç və Yosip Drmiç, sağ cinahda isə Dario Şpikiç onu qabaqlayır.

Azərbaycanlı futbolçunun gələcəyi hələ də böyük müəmmadır. Daha dəyərlidirsə, zaman keçdikcə göstərməli idi”.

“Dinamo”ya bu ilin fevralında Polşa “Legiya”sından keçən Emrelinin Zaqreb klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button