“Real” futbolçusunu La Liqanın yeni klubuna satdı
Madrid “Real”ı müdafiəçisi Migel Qutyerres ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi bundan sonra “Jirona”nın uğurları üçün çalışacaq.
Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. “Jirona” gənc futbolçunun transferi üçün “Real”a 4 milyon avro ödəyib. Futbolçunun özü isə yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
Migel Qutyerres “Real”ın öz yetirməsi idi. O, Madrid klubunun əsas komandasında 10 oyun keçirib, 2 məhsuldar ötürmə edib.
“Jirona” Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Rodriqo Rikelme ilə İngiltərənin “Mançester Siti” klubunun dayaq yarımmüdafiəçisi Yanxel Erreranı da heyətinə qatıb. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.
Yanxel Errera 2017-ci ildə “Atletiko Venesuela” klubundan “Mançester Siti”yə transfer olunsa da, Premyer Liqa nəhəngində möhkəmlənə bilməyib. Bu üzdən də 24 yaşlı futbolçu elə həmin dövrdən “Nyu York Siti”, “Hueska”, “Qranada” və “Espanyol” klublarına da icarəyə verilib. Yarımmüdafiəçi Venesuela yığmasında keçirdiyi 25 oyunda 2 qola imza atıb.
Rodriqo Rikelme isə “Atletiko”nun öz yetirməsidir. O, Madrid klubunun əsas komandasında cəmi 2 oyun keçirib. 22 yaşlı vinger ötən mövsümü “Mirandes”də, ondan əvvəlki mövsümü isə “Bornmut”da icarədə keçirib. Yarımmüdafiəçi İspaniyanın U-21 yığmasının da formasını geyinib.
“Jirona” öz qapıçısı Adrian Ortola ilə yollarını ayırdığını da açıqlayıb. O, 2021-ci ilin fevralında “Tenerife”dən bu kluba gəlsə də, əsas heyət üzvü ola bilməyib. “Vilyarreal” və “Barselona”nın B komandasında oynamş ispan futbolçu, “Alaves” və “Deportivo”da da icarədə olub.
Bizi Facebook-da izləyin