Mükafat fondu 3 min manat olan turnirin qalibi bilindi
Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə veteran şahmatçılar arasında keçirilən ölkə çempionatına yekun vurulub.
Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, ilk dəfə veteranlar arasında Azərbaycan çempionatında iştirak edən Fikrət Sideifzadə yarışın qalibi olub. 9 oyundan 8 xal toplayan tanınmış veteran bütün iştirakçıları qabaqlayıb.
Çempiondan 1 xal geri qalan Lütviyar Rüstəmov ikinci, 9 oyundan 6.5 xal toplayan Asəf Abdullayev üçüncü olub. Çempionatın yeganə xanım iştirakçısı – qadınların arasında 13 dəfə Azərbaycan çempionu olan Elmira Əliyeva 6 xalla dördüncü yerdə qərarlaşıb.
Çempionatın bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov və AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edərək, onlara diplom və pul mükafatları təqdim edib.
Mükafat fondu 3 000 manat olan ölkə birinciliyində yaşı 60-dan yuxarı 26 veteran şahmatçı iştirak edib. Çempion olan Fikrət Sideifzadə və yeganə qadın iştirakçı Elmira Əliyeva noyabrda İtaliyada baş tutacaq dünya çempionatında Azərbaycanı təmsil edəcək. Veteranların yarışında ikinci yeri tutan Lütviyar Rüstəmov isə Moskvada MDB ölkələrinin çempionları arasında arasında baş tutacaq turnirdə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin