“Futbolda mümkünsüz heç nə yoxdur” – Bordin
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis doğma meydanda 2:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Əlbəttə, bizim üçün üzücü gündür. Bəzi səhvlərimiz oldu. Xüsusilə də, 2:2-dən dərhal sonra qol buraxmağımız çox pis oldu. Çoxlu təhlükəli epizodlar yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Özümüz öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.
- Oyundan əvvəl “Sumqayıt”ın heyətinə baxmışdız? Rəqibin ehtiyat qüvvə ilə oynaması və kuboku düşünməsi sizdə arxayınlıq yaratmamışdı ki?
- Komandamı rəqibin necə, hansı heyətlə oynayacağıını bilmədən hazırlamışdım. Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratmışdı. İlk dəqiqələrdən bu, görünürdü. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik.
- Bundan sonra “Qarabağ”ı geridə qoymağınız çox çətindir. Ümumi çempionatı dəyərləndirsəniz, rəqib çempionluğu qazandı, yoxsa “Neftçi” hədiyyə etdi?
- “Qarabağ” riyazi cəhətdən çempionluğu rəsmiləşdirsə, bu sualı cavablandıraram. Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdu. Çox yaxşı mövsüm keçirdik. Hətta böyük xal fərqi də yarada bilmişdik. Sadəcə, bunu saxlaya bilmədik.
- “Sumqayıt”dan bu mövsüm iki zərbə almısınız. Aşağı sıralarda qərarlaşan rəqiblə belə çətinlik çəkməyinizin səbəbi nədir?
- Deməzdim ki, “Sumqayıt”la oyunlarda xüsusi nəsə oldu. Bütün mövsümə nəzər salmaq lazımdı. Təkcə “Sumqayıt”la görüşlər deyil, digər bir neçə matç da oldu ki, lazımsız xallar itirdik.
- Səmimi olsanız, “Neftçi”nin çempionluğunun möcüzəyə bərabər olduğunu deyə bilərsizmi? Neçə faiz şansınız qaldığınızı düşünürsünüz?
- Futbolda mümkünsüz heç nə yoxdur. Qarşıdakı matçları gözləməliyik. (Sportnet)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin