Bunu da “vuraq” Vəli Qasımovun sağlığına!

Rəşad Ergün

Moldovanın “Şerif” komandası ilə bir neçə ay əvvəl UEFA Çempionlar Liqasında, Madriddə “Real”ı məğlub edən ukraynalı baş məşqçi Yuri Vernidub Rusiyanın ölkəsinə hücum etməsindən sonra işini, karyerasını bir kənara atıb, Ukraynaya qayıtdı. O, indi əlinə silah alıb, ruslara qarşı döyüşür, vətənini müdafiə edir.

AFFA-nın mərhum prezidenti Fuad Musayev bir dəfə “Komanda” qəzetinə müsahibəsində demişdi ki, Azərbaycan 90-cı illərdə Ermənistanla müharibə şəraitində olanda, ölkədə siyasi-iqtisadi vəziyyətin çox ağır olduğu dövrdə İspaniyada, daha sonra Portuqaliyada legioner karyerası yaşayan Vəli Qasımovu milli komandanın oyunlarına dəvət etmək əzablı bir şey idi. Musayev deyirdi ki, Qasımov milliyə qoşulmamaq üçün hər dəfə bir şey bəhanə edirdi, yolun uzunluğundan tutmuş, yolpuluna kimi…

Uzun illərə sığan peşəkar futbolçu karyerası olan Qasımovun Azərbaycan milli komandasında keçirdiyi oyunların sayı cəmi-cümlətanı 14-dür (0 qol). Elə bu 14 rəqəmi onun Azərbaycana, milli komandaya “sevgi”sinin əyani sübutudur.

Azərbaycan da döyüşürdü, Azərbaycan da işğal edilirdi. Azərbaycanın da şəhərləri, rayonları, kəndləri dağıdılır, xarabalığa çevrilir, qadınlar, qocalar, uşaqlar öldürülür, əsir götürülürdü. Vəli Qasımov isə onda öz karyerasından, qazandığı pullardan başqa, heç nə barədə düşünmək istəmirdi.

Həmin Vəli Qasımov indi hardadır, bilirsiz? Bu gün AFFA-nın Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının yeni heyətlə ilk iclası keçirilib. Vəli Qasımov açıq səsvermə ilə növbəti bir il müddətinə Fondun Himayəçilər Şurasının sədri seçilib. Yəni vaxtı ilə, ağır günlərində Azərbaycan üçün əlini ağdan qaraya vurmaq istəməyən biri indi Azərbaycan futbolunun himayədarı rolundadır, onu əzizləyirlər, yuxarı başda əyləşdirirlər, hörmət göstərirlər, sağlığına 50-50 “vururlar”… Cəfasını çəkmədiyi Azərbaycan futbolunun səfasını sürür bizim Vəli Qasımov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button