Braziliya – Argentina matçında ara qarışdı, oyun yarımçıq dayandırıldı!
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina matçında qalmaqal yaşanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar.
Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.
Hələ oyundan öncə Braziliya Səhiyyə Nazirliyi açıqlama yayaraq bu dörd oyunçunun bir müddət karantində qalmalı olduğunu bəyan etmişdi. Məsələ burasındadır ki, İngiltərədən Braziliyaya gələn şəxslər 14 gün karantinə alınırlar. Lakin onlar karantin qaydalarına əməl etməyərək komanda ilə birgə bu oyunda iştirak ediblər. Bu üzdən də nazirlik işçiləri stadiona gələrək onları meydandan çıxarmağa və karantinə yerləşdirməyə çalışıblar. Nəticədə oyun baş tutmayıb.
CONMEBOL da məsələ ilə bağlı açıqlama yayaraq, bu oyunçuların Braziliya ilə oyunda iştirakına dair heç bir problem olmadığını açıqlayıb. Qurum Argentinanın yanında olduğunu, Braziliya hökümətinin məsuliyyətsiz davrandığını bəyan edib.
Bizi Facebook-da izləyin