Aftandil Hacıyev: “Möhtəşəm qələbə qazandıq”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında bunları deyib.
“Maraqlı oyun alındı. Çoxlu qol epizodları izlədik. Qələbə qazanmağımız əhval-ruhiyyəmizi yaxşılaşdırdı. Əsgərlərimizin qazandığı uğurlar, qələbələr sevincimizi ikiqat edir. İnanıram ki, yaxın zamanda böyük qələbəni eşidəcəyik və bütün torpaqlarımız işğaldan azad ediləcək”.
39 yaşlı mütəxəssis bildirib ki, ilk 15-20 dəqiqəni yaxşı oynaya bilməyiblər: “Sumqayıt” ilk dövrənin lideridir, bunu öz oyunları ilə göstəriblər. Bizə 20 dəqiqə ərzində çətinliklər yaşatdılar. Daha sonra rəqib qapısında təhlükəli epizodlar yarada bildik və hissənin sonlarında istəyimizə çatdıq. Hesabda öndə olsaq da, rahat ola bilməzdik. İkinci yarıda oyunçular daha çox güc sərf etdilər və verilən tapşırıqları qoruyub saxlaya bildilər. Möhtəşəm qələbə qazandıq. İstəyirik ki, yuxarı pillələrdən kənarda qalmayaq. Bu nə qədər alınacaq, bilmirəm. Amma bu gün oyunçuların işlərinə yanaşması bizi razı salır. Hər birini təbrik edirəm, rəqibə də uğurlar arzulayıram”.
Hacıyev mövsümöncəsi bütün komandalara nisbətən toplanışa gec başladıqlarını xatırladıb: “Komandada komplekləşmə gec oldu. Gecikmələr olanda rəqiblər bizdən daha hazırlıqlı idi. İstədiyimiz futbolçuların hamısını əldə edə bilmədik. Vaxt keçdikcə oyunumuzu daha da yaxşılaşdırırıq. Təcrübəli və gənc oyunçulardan faydalanırıq”.
Baş məşqçi qapıçı mövqeyində daha yaxşı formada olana şans verdiklərini sözlərinə əlavə edib: “Gələcəkdə Kamran Ağayevin formasından çox şey asılı ola bilər. Uzun müddət məşqsiz və oyunsuz qalıb. Ona inanırıq, çox səylə çalışır. Futbolda hər zaman formada olan şans qazanır. Qapıçı mövqeyi bir qədər fərqlidir. Qapıçıların hamısını düşünmək lazımdır. Kamran ən yaxşı formasında olsa belə, çalışacağıq ki, Nikolas Hagenə və ona oyunlarda yer verək”.
Hacıyev texniki işçilərin koronavirus testinin müsbət olduğunu söyləyib: “Klubun həkiminin testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurbanov da koronavirusa yoluxub. Bu infeksiya məşhur oyunçulara da təsir edib”.
Bizi Facebook-da izləyin