“Zirə”nin hücumçusu Gürcüstan millisində qol hesabını açdı

“Zirə”nin hücumçusu Davit Volkov Gürcüstan millisində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, o, bu gün Özbəkistan yığmasına qarşı keçirilən yoxlama görüşünün iştirakçısı olub.

26 yaşlı futbolçu Qoridə keçirilən görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. Yığmada 2-ci oyununu keçirən forvard bu görüşün 41-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Bununla da o, ölkəsinin millisində qol hesabını açıb. Gürcüstan yığması bu görüşdən elə Volkovun vurduğu qol sayəsində 1:0 hesablı qələbə ilə ayrılıb.

Davit Volkovu ilk dəfə milliyə dəvət edən və ona debüt şansı yaradan Gürcüstan yığmasının baş məşqçi Villi Sanyol onun ünvanına tərif yağdırmağı da unutmayıb. Fransalı mütəxəssis yerli mətbuata açıqlamasında hücumçunun yığmaya asanlıqla uyğunlaşmasından məmnunluq ifadə edib:

“Milliyə ilk dəfə 26 yaşında çağırılmasına rəğmən, asanlıqla adaptasiya keçən oyunçunu nadir hallarda görmüşəm. Mən təkcə onun oyunundan danışmıram, həm də komanda ilə necə yaşadığını da nəzərdə tuturam. Mən bütün bunlardan razı olmaqla yanaşı, özümə qarşı qəzəbliyəm. Çünki Volkov mənə sübut etdi ki, ona əvvəlki oyunlarda da şans verməli idim”.

Volkov Gürcüstan millisində debütünü İsveçə 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyununda gerçəkləşdirib. Gürcü hücumçu “Zirə”nin heyətində vurduğu 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button