“Xəzər Cənub” EKOL-u “zirvə”dən endirdi

Bu gün futzal üzrə Yüksək Liqada 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun gözlənildiyi kimi son çempionun böyükhesablı qələbəsi ilə başa çatıb. Amma qış fasiləsində heyətini gücləndirən “Yasamal” İSK təcrübəli rəqibinə müəyyən məqamlarda müqavimət göstərməyi bacarıb.

Turun mərkəzi oyununda isə qış fasiləsindən sonra ilk dəfə meydana çıxan EKOL və “Xəzər Cənub” üz-üzə gəlib. Daha təhlükəli hücumlar quran “Xəzər Cənub”dan Səcəd Nəsihi əvvəlcə tiri nişan alsa da, 4-cü dəqiqədə toru silkələməyi bacarıb. Yeri gəlmişkən, Emin Kürdov zədəli olduğuna görə qapını İntiqam Babayev qoruyub. EKOL 17-ci dəqiqədə hesaba tarazlıq gətirib. Əsgər Abasov rəqib qapısına yol tapıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə sükutu Amir Şocayi pozub. İranlı hücumçunun zərbəsi dəqiq olub və komandasını hesabda önə keçirib. Bu qol sanki oyunda dönüş nöqtəsi olub. Debütant daha 3 qol vurmaqla qələbəni təmin edib, EKOL-u isə liderlikdən endirib. Yeri gəlmişkən, qış fasiləsindən sonra turnir cədvəlinin ilk “3-lüy”ündə yer alan komandalarla qarşılaşan “Xəzər Cənub” iki qələbə qazanıb, “Araz”la isə xalları yarı bölüb.

Turun son oyunu “Neftçi”nin qələbəsi ilə yadda qalıb. Nəticədə Hacıbala Abdullazadənin yetirmələri ikinci pilləyə yüksəlib.

Yüksək Liqa, 17-ci tur

8 fevral

Yasamal İSK – Araz 4:12
Qol: M. Eyniyev, 04:10, M. Orucov, 15:40, V. Səfərov, 18:02, 27:50 // İ. Atayev, 03:22, 25:17, N. İsmayılov, 09:15, 16:25, A. Mikaeli, 10:17, S. Cavid, 13:46, 21:10, M. Neyməti, 14:22, 30:59, O. Rüstəmli, 19:50, H. Seyidabolfaz, 28:40, E. Həsənzadə, 39:15.
Hakimlər: Azad Hüseynov, Rahin Heybətov, Vaqif Musayev.
Bakı İdman Sarayı. Saat 12:30.

Xəzər Cənub – EKOL 5:2
Qol: S. Nəsihi, 03:37, A. Şocayi, 22:41, İ. Surqalı, 28:47, 39:13, R. Qalapur, 32:38 // Ə. Abasov, 16:06, R. Çovdarov, 39:59.
Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, İsgəndər Əliyev.
Bakı İdman Sarayı. Saat 14:30.

Liman – Neftçi İK 2:11
Qol: R. Sabour, 23:10, 36:59 // O. Baxşəlizadə, 02:05, M. Nəcəf, 06:42, 14:37, 16:12, 29:56, Ə. Əjdərov, 08:59, S. Şahnasi, 15:42, 21:40, 29:03, V. Borisov, 34:03, 35:12.
Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Vüsal Balaşov.
Bakı İdman Sarayı. Saat 16:30.