Kafu: “Ançelotti ən braziliyalı italiyalıdır”

Braziliya millisinin sabiq kapitanı, 2002-ci ilin dünya çempionu Kafu, Karlo Ançelottinin yığmadakı gələcəyinə dair fikirlərini bölüşüb və italiyalı mütəxəssislə bağlı xatirəsini danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2026-da uğursuz çıxışa baxmayaraq, Ançelottinin vəzifəsində qalmasının vacib olduğunu bildirib:

“Ançelotti daha dörd il millidə qalmalıdır. Onun dünya çempionatına hazırlaşmaq üçün cəmi bir ili var idi və bu, çox az müddətdir. O, millini, Braziliya futbolunu və braziliyalıların futbola olan sevgisini tanımalı idi. İndi isə qarşısında böyük uğurlar qazanmaq üçün dörd ili var”.

Kafu, həmçinin, Ançelotti ilə “Milan”da birlikdə çalışdığı dövrdən maraqlı bir xatirəni də bölüşüb:

“Ançelotti ən braziliyalı italiyalıdır. O, çalışdığı bütün komandalarda braziliyalılarla işləyib və ölkəmizi yaxşı tanıyır. Təkcə məşqçi deyil, həm də əla idarəçidir. Böyük komandada fərqli xarakterləri bir məqsəd ətrafında birləşdirməyi bacarır. Bir dəfə ailəmdə sağlamlıq problemi ilə əlaqədar Braziliyaya getməli oldum. Məni tərəddüd etmədən buraxdı. Dedi ki, birinci gün uç, ikinci gün işlərini həll et, axşam geri qayıt, üçüncü gün İtaliyada ol və dördüncü gün meydana çıx. Mənə tam etibar etdi. İstəsəydim, Braziliyada daha çox qalmaq üçün bəhanə gətirə bilərdim. Amma onun mənə güvənməsi Ançelottini böyük məşqçi edən xüsusiyyətlərdən biridir”.

Braziliya millisi Ançelottinin rəhbərliyi altında DÇ-2026-nın 1/8 finalında Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button