
Qvardiola: “Həmişə Neymarla işləmək istəmişəm”
“Barselona”nın və “Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola “Santos”un (Braziliya) hücumçusu Neymarla işləmək arzusunda olduğunu etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, 34 yaşlı futbolçunun oyun üslubuna hər zaman heyran qaldığını bildirib:
“Mən həmişə Neymarla işləmək istəmişəm. Onun gözəl futbolunu çox bəyənirdim. Xüsusilə də, “Barselona”da Luis Suares və Lionel Messi ilə birlikdə ən yaxşı dövründə sərgilədiyi oyunu. Luis Enrikenin rəhbərliyi altında həmin üçlüyü dayandırmaq mümkün deyildi”.
Qvardiola 2008-2012-ci illərdə “Barselona”nın baş məşqçisi olub. Neymar isə Kataloniya klubuna onun gedişindən bir il sonra – 2013-cü ildə transfer olunub.
Braziliyalı futbolçu 2017-ci ilə qədər “Barselona”nın formasını geyinib. Daha sonra o, 222 milyon avro qarşılığında PSJ-yə keçib. Bu transfer bu gün də dünya futbolu tarixinin ən bahalı keçidi hesab olunur.
Bizi Facebook-da izləyin



