Alıyevdən ilk, Ramazanovdan rekord

Qismət Alıyev “Zirə”də qol hesabını açıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la oyununda (2:2) fərqlənib. Yarımmüdafiəçi “qartallar”ın heyətində keçirdiyi 7-ci matçda ilk qolunu vurub.

Qismət klub tarixinə Premyer Liqada qol sevinci yaşayan 46-cı futbolçu kimi düşüb. Onadək “Zirə”nin 45 üzvü rəqib qapılarına yol tapıb.

Qəsəbə təmsilçisinin digər qolunun müəllifi Ağabala Ramazanov isə rekorda imza atıb. O, “Zirə”nin Premyer Liqada ən yaxşı yerli bombardiri olub. “Qartallar”ın heyətində 12-ci matçına çıxan hücumçu 7-ci dəfə fərqlənib. “Zirə”nin kapitanı bununla da 6 qol vuran Vüsal İsgəndərlini arxada qoyub.

Ağabala “Zirə”nin Premyer Liqadakı bombardirləri cədvəlində 5-cı sırada qərarlaşıb. O, yalnız legionerlərdən – Nelson Bonilla (14), Riçard Qadze (13), Xulio Sezar Rodrigez (12) və Milan Duriçdən (8) geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button