“Qarabağ” nağılı – Bir daha olacaqmı?

Fəxri Rüstəmli

“Qarabağ” tarixinin ən parlaq dövrlərindən birini cari mövsümdə yaşadı. Ağdam təmsilçisi uzun müddət bir neçə “cəbhə”də mübarizə apararaq, həm ölkə çempionatında, həm də Avropada uğurlar qazanmaq yolunda vuruşdu. Ancaq UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” qarşısında 1:6 və 2:3 hesabları ilə məğlub olaraq, bu turnirdə mübarizəsinə son qoydu. Bu uğurun yaxın illərdə təkrarlanıb-təkrarlanmayacağını isə zaman göstərəcək.

“Nyukasl”la matçlardakı məğlubiyyətin bir neçə səbəbi var. İki ölkənin çempionatları arasında ciddi fərqlər mövcuddur. İngiltərə komandaları oyunun tempini istədikləri zaman yüksəldib, istədikləri zaman azalda bilirlər. Yüksək temp, sürətli keçidlər, fiziki güc və taktiki disiplin kimi amillər onların oyununu daha səmərəli edir. Azərbaycan Premyer Liqası ilə müqayisədə, bu xüsusiyyətlər “sağsağanlar”ın “köhlən atlar” qarşısında üstün olmasını təmin etdi. Hər iki çempionatın adı Premyer Liqa olsa da, oyun səviyyəsi və keyfiyyət baxımından fərq çox böyükdür.

Qubadakı palçıqlı meydançada xeyli fiziki güc sərf edən “Qarabağ” “Nyukasl”la matçlara ideal formada hazırlaşa bilmədi. Digər tərəfdən, ölkə çempionatında “Sabah”ın güclənməsi və çempionluq yolunda Ağdam klubuna qarşı daha ciddi rəqabət yaratması da baş məşqçi Qurban Qurbanovun diqqətində olan məsələlərdən idi. “Köhlən atlar” hər nə qədər Çempionlar Liqasına fokuslansa da, Premyer Liqada vacib dönəm yaşanırdı və bu da Qurbanov üçün əlavə yük yaratmışdı.

Nəticədə, “Qarabağ” Avropada mübarizəsini başa vursa da, bu mövsüm göstərdiyi performans və qarşılaşdığı rəqiblər həm Azərbaycan futbolunun tarixində, həm də hər kəsin yaddaşında qalacaq. “Benfika”, “Çelsi”, “Napoli”, “Nyukasl”, “Liverpul”… Onları bir daha Azərbaycan klublarının rəqibləri kimi görəcəyikmi? Bir daha “Qarabağ”ın bu mövsüm yaşatdığı həyəcanı yaşayacağıqmı? Bəlkə də hə, bəlkə də yox. Amma bir şey dəqiqdir ki, Qurban Qurbanovlu “Qarabağ” böyüməyə həvəsli, istəklidir. Kim bilir, bəlkə, qarşıdakı mövsümlərdə “köhlən atlar”ın səsi Çempionlar Liqasının 1/8, 1/4 final mərhələlərindən eşidiləcək…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button