PFL və “Zirə” rəhbərliyi arasında görüş keçirildi

Peşəkar Futbol Liqasının idarə heyəti klublarla görüşləri davam etdirir.

Komanda.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev bu dəfə Zirə qəsəbəsinə səfər edib.

Zirə İdman Kompleksinin inzibati binasında “Zirə” FK-nın prezidenti Taleh Nəsibov və icraçı direktoru Cahangir Məmmədovun iştirakı ilə görüş keçirilib. Elxan Səmədov görüşə görə “Zirə” rəsmilərinə təşəkkür edib. PFL prezidenti bildirib ki, tanışlıqla yanaşı əsas məqsəd klubları narahat edən suallara aydınlıq gətirmək, bu barədə qeydlər apararaq araşdırmaq və qısa müddətdə həllinə çalışmaqdır.

“Zirə”nin prezidenti Taleh Nəsibov isə öz növbəsində PFL prezidenti seçilməsi münasibətilə Elxan Səmədovu bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. Nəsibov rəhbərlik etdiyi klubun məqsədinin yarandığı gündən etibarən imkanları çərçivəsində Azərbaycan futboluna maksimum töhfə vermək olduğunu bildirərək, sevindirici məqamın hər zaman təşkilatçı qurumla qarşılıqlı sayğı çərçivəsində çalışmaları olduğunu vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button