Nikola Yurçeviç: “Onların əziyyəti yerə vuruldu”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstana qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis, millimizin 0:1 hesabı ilə uduzduğu oyundan sonra təşkil olunan mətbuat knfransında uzatma dəqiqələrində sayılmayan qola görə etirazını və yerli jurnalistlərə səmimiyyətləri qarşılığında təşəkkürünü bildirib:

“Burda danışmaq asan deyil. Bunun bir çox səbəbləri var. İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram. Oyunun gedişatı barədə çox deyəsi bir şey yoxdu. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Azərbaycan kiçik ölkədi, futbolda elə də söz sahibi deyil. Belə əziyyətin ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Çox danışsam, işimi itirə bilərəm. Bunları deməli, içimdəki acığı çıxarmalı idim. Dostlarla, ailə ilə söhbət edəcəyik. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm”.

Yurçeviç qoldan sonra yan xətt hakiminə yaxınlaşaraq, niyə qolun sayılmadığını soruşduğunu əlavə edib. Amma onun sözlərinə görə, yan xətt hakimi heç bir cavab verməyib: “Referi isə qərarında haqlı olduğunu və bunu görüşün ardından epizoda baxdıqda sübut olunacağını iddia etdi”.

53 yaşlı baş məşqçi, iki fərqli hissə oynamaları fikri ilə razılaşdığını söyləyib: “Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkün idi. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu”.

Yurçeviç, Bəhlul Mustafazadənin oyununu xüsusi qeyd edib: “O, cəmi bir aydı əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdu. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button