“Monako”da 1 yeni müqavilə, 2 ayrılıq

Fransanın “Monako” klubu sağ cinah müdafiəçisi Ruben Aqilar ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransadan olan 29 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi “knyazlıq təmsilçi”sinin uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti gələn ilin yayına kimi idi.

Ruben Aqilar 2019-cu ildən “Monako”nun uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 100 oyuna çıxıb, 3 qol vurub. Sağ cinah müdafiəçisi Fransa yığmasında da 1 oyun keçirib. O, daha öncə “Monpelye”, “Oser”, “Qrenobl” və “Sent-Etyenn” klublarında da forma geyinib.

“Monako” öz oyunçularından Pele ilə Tyaqo Ribeyronu da icarəyə göndərib. Sözügedən klub Peleni Portuqaliyanın “Famalikan”, Ribeyronu isə İspaniyanın “Valensiya” komandasına icarəyə verib. Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq.

Portuqaliyadan olan Pele, 2018-ci ildən “Monako”da çıxış etsə də, bu komandada əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də o, əvvəlki mövsümlərdə “Nottingem Forest”, “Ridinq” və “Rio Ave” klublarına da icarəyə verilib. Portuqaliyadan olsa da, Qvineya-Bisau yığmasının formasını geyinən Pele, “Belenenseş”, “Arsenal” (Kiyev), “Olhanense”, “Pasuş de Ferreyra” və “Feyrense” klublarının da uğurları üçün çalışıb. 30 yaşlı yarımmüdafiəçi Qvineya-Bisau yığmasında 21 oyuna 1 qol vurub.

Tyaqo Ribeyro da Portuqaliyadandır. 20 yaşlı dayaq yarımmüdafiəçisi “Monako”nun öz yetirməsidir. O, bu ilin əvvəlində klubun əsas komandasında da debüt edib.