Zirzəmidən “Çeşmə” çıxaran, Lənkəran “Xəzər”inin ilk prezidenti

Hüseyn Cəbrayıloğlu

Onunla tanışlığım 1990-cı ilə təsadüf edir. Sovet dönəmində orta məktəblərdə “Pioner”, “Komsomol” təşkilatları olsa da, həmin dönəm özü də Lənkərandakı orta məktəblərin birində hərbi hazırlıq müəllimi olan günün yubilyarı gizli Mübariz Gənclər Təşkilatı yaratmışdı. Məhz yaranan Meydan hərəkatında daha sonra özünəməxsus yeri olacaq adıçəkilən təşkilatın nizamnaməsi ilə tanışlıq üçün görüşüb söhbətləşmişdik. Burdan başlayan tanışlıq daha sonra 1991-ci ildən başlayaraq, bu günə kimi unudulmayan və Azərbaycan mətbuatı tarixinə qızıl hərflərlə yazılan, mərhum Elçibəyin prezident olarkən haqqında “bütün nəşrlər dayansa da, öz maaşım hesabına “Çeşmə”ni yaşatmağa kömək edərəm” dediyi məşhur “Çeşmə” satirik qəzetinin yaranışına kimi davam etdi. Qəzetin yazıları onun indi şəhid Azad Mirzəyevin adını daşıyan küçədə yerləşən evinin zirzəmisində hazırlanır, müzakirə edilir və sonra Bakıya göndərilirdi.

Məktəbin yuxarı sinfində oxuyan şagird kimi mətbuatda ilk addımlarımı məhz dövrün ən məşhur və bir nömrəsi, Azadlıq meydanında cəmi bir saata 400.000 nüsxə satılan qəzetdə onun dəstəyi ilə atmışdım. Bu illərdə ətrafına yetərincə istedadlı gənci toplaya bilən günün yubilyarı, 1992-ci ildə üç ildir futbolsuz qalan Lənkərana bir də böyük futbolu qaytarmaqla yadda qaldı. İlk milli çempionatda blokadada olan Naxçıvan “Araz”ının əvəzinə, cəmi bir günə Lənkəran “Xəzər”ini böyük əziyyət və çabalar hesabına çempionata daxil edə bilmişdi. Heç bir məşq, toplanış keçirməyən komandanın ilk oyuna çıxmağa cəmi bir gün vaxtı vardı. Adam gecə ilə avtobusu futbolçuların bir-bir evlərinə sürdürür və Sumqayıtdakı ilk oyuna komanda eyni köynəkdə çıxsa da, corabların rəngi müxtəlif olur. Bu matçı televiziya ilə canlı izləyən biri kimi şərhçinin “Lənkəran “Xəzər”i fiziki cəhətdən rəqibi önündə zəif görünsə də, texnikalı futbolçuların çoxluğu bu komandanın tədricən özünə gələcəyi, rəqiblərə başağrısı olacağı inamını yaradır” ifadəsini unutmamışam. Belə də oldu. Üçüncü tura İrandan gətirilmiş gözəl yeni dəstlə meydana çıxan “Xəzər”in forması kimi özü də ilk turda meydanda olan komandaya bənzəmirdi. Tamamilə yerli futbolçulardan ibarət olan komanda getdikcə rəqibləri üçün həmişə başağrısı olmağı bacardı və ilk mövsümdə ən sanballı və güclü klublardan olan “Neftçi”yə yeganə məğlubiyyəti yaşatdı.

1990-cı ildə mən məktəbdə oxuyarkən məktəblilər arasında futbol turniri keçiriləcəyi xəbərini aldıq. İndiyə kimi yadımdadır ki, açılış günü Uşaq Gənclər idman Məktəbinin həyətinə üçrəngli bayraq gətirildi və tam əminliklə deyirəm ki, bu, Azərbaycanda sovet dönəmində üçrəngli bayrağımızın dalğalandığı ilk turnir idi. Tam 28 il ADR-in yaranmasına həsr olunan məktəblilər arasında futbol turniri Lənkəranda ən sevilən futbol turniri kimi yaddaşlarda qalıb və 1990-cı ildən qalma keçici kuboku bir çox məktəbi ziyarət edib. İllər sonra Cənub Regional Futbol Federasiyasının prezidenti seçilən Sakin Məmmədzadənin rəhbərlik etdiyi qurum regionlar arasında ən fəal region federasiyası idi. 2004-cü ildə yaranan “Xəzər Lənkəran” isə bölgəyə futbol adına elə bir dəstək gətirdi ki, sadəcə əl-ələ verib dayanmadan çalışmaq lazım idi ki, Sakin bəy də bunu etdi. Stadionun yenidən qurulmasında yaxından iştirak edən, bu gün 60 yaşını qeyd edən yubilyar “Xəzər Lənkəran”ın dəstəyi ilə ardıcıl 8 il “Cənub mirvarisi” adlı ənənəvi futbol turniri keçirdir və bölgədə istedadlı uşaqların kəşf olunması üçün klubla birgə böyük işlər görür. Bu gün bölgədə çimərlik futbolundan tutmuş, adının sonunda “futbol” olan bütün növlərin təşəkkül tapması üçün çəkinmədən əlini daşın altına qoymağı bacarır. İllər əvvəl “Cənub bölgəsində futbolun inkişafı tarixi” kitabını yazmaq təklifi də ondan gəldi. Zəng etdi, görüşdük və cəmi yarım saata məni inandırdı, həvəsləndirdi, “Sən başla! Bunu səndən başqa kimsə etməyəcək” motivasiyası ilə razılığımı almağı bacardı. Dörd ay sonra isə bölgənin bir əsrlik futbol tarixini əks etdirən və Təhsil Nazirliyinin elmi qrif verdiyi kitabı öz hesabına nəşr etdirib, “sənə sürprizim var” xəbəri ilə 50-ci illərdə bir çox idman tədbirlərinin keçirildiyi “Qala çəməni”, indiki LDU-nun əsas binasının qarşısında nəfis tərtibatlı kitabı mənə uzadıb “gördün, bacardıq” deyərkən, sevincdən qucaqlaşdıq.

Bir adamı hər kəs sevə bilməz və onu sevməyənlərin, hətta ara-sıra mübahisələrimizin olduğu özüm də sonda bir cəhəti ilə tarazlığı saxlayıram: Təşkilatçılıqda adamın konkret rəqibi yoxdur! Sakin Məmmədzadə unikal insandır. Boks üzrə SSRİ idman ustası olsa da, son 28 ili futbola ayırıb və 32 yaşında klub prezidenti olmağı bacarıb. Bu gün sosial şəbəkədə onun gah boks məşqləri, gah da futbol tədbiri paylaşımlarını görəndə kimsə təəccüblənsə də, mənə adi gəlir. Çünki bir gün kosmonavt kursu açacağına belə, inamım var. Məncə, geriyə boylananda gələcək üçün çox işlər gördüyü rahatlığı ilə 60 yaşını qürurla qeyd etmək haqqı var və ona can sağlığından başqa, arzu diləmək qalmır. Bir də, böyük oğlu Məmməd Əminin toyunda əl götürüb oynamaq arzusu.

60 illik yubileyin mübarək, unikal adam!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button