İlham Əliyev İslamiadanın açılışında iştirak edib

Avqustun 9-da Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb.

Sonra Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edib. Konsert zamanı dron və işıq effektləri mərasimə xüsusi rəng qatıb.

Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Bu möhtəşəm tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışlayıblar.

Mərasimdə əvvəlcə səhnəyə çıxan rəqqaslar İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandırıblar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, həmçinin ərəb dilində “qardaş” sözü də yer alıb.

Açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olunub. Kompozisiyanın sonunda işıq effektləri vasitəsilə səhnədə Türkiyə bayrağı və ay-ulduz fiquru təcəssüm etdirilib. Ardınca hərbçilər Türkiyənin Dövlət Bayrağını səhnəyə gətiriblər. Bayraq Türkiyənin Dövlət Himni – “İstiqlal Marşı”nın sədaları altında qaldırılıb.

Bayrağın qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı olub.

Komandalar ölkələrin adlarının baş hərflərinə uyğun qaydada əlifba sırası ilə meydana daxil olublar. Əvvəlcə Əfqanıstan idmançılarının keçidi olub. Azərbaycan atletləri meydana dördüncü daxil olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışlayıblar.

Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparıblar.

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3×3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.

Komandaların keçidini ev sahibi – Türkiyə atletləri tamamlayıblar. Qardaş ölkəni bu yarışlarda 461 atlet təmsil edir.

Prezident Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev, digər dövlət və hökumət başçıları, azarkeşlər Türkiyə idmançılarını hərarətlə salamlayıblar.

Sonra Konya bölgəsinə məxsus “Qaşıq havası” rəqsi ifa olunub.

Adlarını Türkiyənin idman tarixinə qızıl hərflərlə yazdıran səkkiz atlet – cüdoçu Hülya Şenyurt, taekvondoçu Nur Tatar, güləşçi Yasemin Adar, karateçi Merve Çoban, ağır atlet Halil Mutlu, taekvondoçu Servet Tazegül və güləşçi Mehmet Akif Pirim İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını meydana gətirib.

ISSF-in bayrağı qaldırıldıqdan sonra idmançıların və hakimlərin andı qəbul edilib. İdmançıların adından paralimpiyaçı kamandan oxatan Öznur Cüre, hakimlərin adından isə velosiped idmanı üzrə ədalət təmsilçisi Serkan Karademir and içiblər.

Açılış mərasimində Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha və ISSF-in prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud çıxış ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.

Sonra atəşfəşanlıq olub. İdmanın birləşdirici gücü ilə həmrəyliyi inkişaf etdirməyi hədəfləyən 5-ci İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.