“Hesab bizim üçün o qədər də önəmli deyil”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bizi tək buraxmadıqlarına görə azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol qət edib Qəbələyə gəldilər. Ölkə futbolunda özünəməxsus yeri olan komanda ilə qarşılaşdıq. Onların oturuşmuş kollektivi, bizim isə gənc heyətimiz var. Bunu hər dəfə qeyd edirəm. Sadəcə, bizə vaxt lazımdır. İkinci yarıda istədiyimizə hardasa nail ola bildik. Yolumuza davam edəcəyik.

Məqsədimiz hamıya bəllidir. Gənc futbolçuların oynamasına şərait yaradıb, onları inkişaf etdirmək istəyirik. Hazırda hesab bizim üçün o qədər də önəmli deyil. Buna baxmayaraq, məğlubiyyətin acısını çəkirik”.

Əsgərli ani diqqətsizlikdən sonra ilk 20 dəqiqədə üç qol buraxdıqlarını söyləyib: “Bu komandada zəngin təcrübəyə malik yerli və legioner futbolçular var. Onlar da şanslardan istifadə etdilər”.

Mütəxəssis sonda qapıçı Əkbər Vəliyevin durumuna toxunub: “Hələlik durumu yaxşıdır. Ola bilər ki, onu Bakıya yola saldıq”.