Cəfərquliyev: “Qarabağ”da çox xoşbəxtəm”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 36-cı turunda “Turan Tovuz”u məğlub edib (3:1).

“Köhlən atlar”ın yarımmüdafiəçisi Elvin Cəfərquliyev oyundan sonra Komanda.az-a açıqlamasında 2022/23 mövsümündə çoxlu qollar vurduğunu deyib:

“2022/23 mövsümünü karyeram üçün uğurlu saymaq olar. Çoxlu qollar vurdum, məhsuldar ötürmələr etdim, oyunumla komandaya fayda verdim. Mənim üçün ən əsas məqamlar məhz bunlardır. İnşallah, təkcə bu il yox, qarşıdakı illərdə də uğurlu, komandaya faydalı olmağa çalışacam”.

Cəfərquliyev, “Adın tez-tez “Anderlext” klubu ilə hallanır. Növbəti mövsüm karyeranı “Qarabağ”da davam etdirəcəksən, yoxsa başqa kluba keçə bilərsən” sualını belə kimi cavablandırıb:

“Bu məsələlərlə mənim menecerim məşğul olur. Ona görə də, hələlik bu barədə heç nə deyə bilmərəm. Əlbəttə, hər bir futbolçu kimi mən də istəyərəm ki, adlı-sanlı klublarda çıxış edim, bayrağımızı orada dalğalandırım, Azərbaycanı təmsil edim. Bu, futboldur. “Qarabağ”da çox xoşbəxtəm. Burada ailə qazanmışam. Bu barədə danışmaq bir qədər tezdir”.

O, Çempionlar Liqasında uğur qazanmaq üçün daha çox çalışacaqlarını diqqətə çatdırıb:

“İldən-ilə daha yaxşı çıxış etməyə çalışırıq. Bu il də belə olacaq. Daha çox çalışaraq daha yaxşı nəticələr əldə etmək istəyəcəyik. Yenə də deyirəm: bu, futboldur. Bəzən alınmaya bilər. Yaxşı çıxış etmək üçün çalışacağıq”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button