“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından ilk gündə 3 medal

Bu gün Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Komanda.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayıb.

Kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə baş tutub. İdmançılarımızdan yalnız üçünün nəticəsi uğurlu alınıb.

60 kq-da mübarizə aparan Balabəy Ağayev startda Şerzod Davlatova (Qazaxıstan), ardından isə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. Bu çəki dərəcəsindəki digər təmsilçimiz, mübarizəyə 1/8 finaldan başlayan Kəramət Hüseynov da Vijay Yadav (Hindistan) və Dilşodbek Baratovu (Özbəkistan) üstələməyi bacarıb. Cüdoçularımız finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşıblar. Rəqibinə cərimə xalları ilə qalib gələn Ağayev adını həlledici görüşə yazdırıb. Onun finaldakı rəqibi ukraynalı Dilşot Kalmatov olub. Finalın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə rəqibini məğlub edən Balabəy Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hüseynov isə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşüb. Rəqibinə ipponla qalib gələn Kəramət Hüseynov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

66 kq-da yarışan Orxan Səfərov da bürünc medala sahib çıxıb. O, yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Səfərovun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olub. O, bu rəqibinə uduzduğu üçün bürünc medal görüşünə çıxıb. Orxan 3-cü yer uğrunda görüşdə serbiyalı Straxinya Bunçiçə qalib gəlib.

Bununla da Azərbaycan cüdoçuları ilk yarış günündə 3 medala sahib çıxıblar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button