Azərbaycan millisi yunanlarla bacarmadı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Gürcüstanda təşkil olunan 1-ci dövrənin son matçında lider Yunanıstanla qarşılaşıb.

Tiflisdəki Voleybol Arenasında baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yunanlar ilk setdə 25:21, ikinci setdə 25:19, üçüncü setdə isə 25:18 hesabı ilə üstün olublar.

Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir. 3 xalı olan Azərbaycan millisi isə üçüncüdür. Komandamız ilk turda Monteneqroya 1:3 uduzub, ardından meydan sahibi Gürcüstana qalib gəlib – 3:0.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq. Azərbaycan millisinin yer aldığı qrupda ikinci dövrənin oyunları Monteneqroda təşkil olunacaq. Həmin oyunlar 14-16 may aralığında keçiriləcək.