DÇ-2026: Avropa təmsilçilərinin sayı azaldı

DÇ-2026-nın 1/8 final mərhələsində Avropanı cəmi 7 milli komanda təmsil edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrə yığması 1/16 finalda Əlcəzair millisini 2:0 hesabı ilə məğlub edərək, bu mərhələyə yüksələn son UEFA təmsilçisi olub.

Bundan əvvəl Fransa, Norveç, Belçika, İngiltərə, Portuqaliya və İspaniya da 1/8 finala vəsiqə qazanmışdı. Fransa, İspaniya və Portuqaliya bunu Avropanın digər yığmalarını mübarizədən kənarlaşdırmaqla bacarıb.

Almaniya, Niderland, Bosniya və Herseqovina isə digər konfederasiyaların təmsilçilərinə uduzaraq turnirlə vidalaşıb.

Beləliklə, DÇ-2026-nın ən güclü 16 komandası sırasında cəmi 7 Avropa millisi yer alıb. Bu, 2014-cü il dünya çempionatından bəri ən aşağı göstəricidir. Həmin turnirdə 1/8 finalda 6 UEFA təmsilçisi çıxış etmişdi.

Müqayisə üçün bildirək ki, DÇ-2018-in 1/8 finalında 10, DÇ-2022-də isə Avropanın 8 millisi mübarizə aparmışdı.

Dünya çempionatında iştirakçı sayının 48 komandaya çatdırılması səbəbindən DÇ-2026-da 1/8 final pley-offun ilk deyil, ikinci mərhələsi hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button