Azərbaycan futbolunun pullarına “şərik çıxan” Antalyadan qeydlər

Rəşad Ergün

“Etopaz”dan Azərbaycan Premyer Liqası klublarının təlim-məşq toplanışı keçdiyi Antalyaya səfər təklifi gələndə, bir qədər tərəddüd etdim. İndiyədək AFFA-nın və klubların dəvətiylə heç bir səfərdə iştirak etmədiyimdən, tərəddüdün səbəbini anlamaq olardı. Amma qərara gəldim ki, “Etopaz”la peşəkar əməkdaşlığı göz önündə tutaraq, ölkənin ilk qanuni mərc operatorunun nəcib təşəbbüşünə qoşulmaq ən yaxşısıdır.

O ağaclar Bakıda olsaydı…

Bizi yağışı ilə qarşılayan Antalya məni yaxşı mənada heyrətləndirdi. Türkiyəlilər bu bölgədə otel və istirahət cənnəti yaradıblar. Almanların, iranlıların, azərbaycanlıların, rusların və başqa ölkələrin insanlarının Antalyaya axın etməsinin səbəbi az qala qüsursuz olan otel xidmətləridir. Biz azərbaycanlılar bu baxımdan türkiyəlilərdən neçə il geri qalırıq, bunu hesablamaq üçün dəqiq bir mexanizm yoxdur. Amma dəqiq olan bir şey var ki, türkiyəlilərdən öyrəniləsi çox zadımız var. Bəlkə də, ilk olaraq daim gülümsəməyi və nəzakətli olmağı öyrənməliyik.

Antalyanı, xüsusən də, Belek bölgəsini bəzəyən mandarin, portağal, limon ağacları insanın gözlərinə, daha sonra ruhuna xitab edir. Bütün ağacların üzəri də dolu. Küçələrdə üstü portağal, mandarin, limonla dolu ağacları görəndə jurnalist dostlarla acı zarafat da etdik: Bu ağaclar Bakıda olsaydı, nəinki üzərində bircə meyvə qalardı, hətta ağacları kökündən qoparıb aparardılar…

Biz dağıdırıq, onlar qurur

Antalyanın təbiəti bizim Lənkəranın təbiətinə bənzəyir. Heç bənzəməyən bir şey varsa, o da Antalyadakı sayı-hesabı bilinməyən məşq meydançaları, stadionlardır. Bizim Lənkəranda isə vaxtı ilə inşa olunan stadionda indi qoyun-quzu otlayır, şəhərin sahib olduğu “Xəzər Lənkəran”ın ruhuna “Fatihə” oxunur.

Azərbaycan klublarından “Qarabağ”ın, “Qəbələ”nin, “Sabah”ın və “Neftçi”nin bəzi yoxlama oyunlarını izləmək imkanımız oldu. Adı üzərində, yoxlama oyunları idi və üzərində çox dayanmağa gərək yoxdur.

Şəxsən mənə maraqlı gələn Azərbaycanın Premyer Liqa klublarının hamısının Antalyada olması idi. “Qarabağ”ın, “Neftçi”nin, “Sabah”ın, “Zirə”nin, hətta maliyyə durumu o qədər də yaxşı olmayan “Qəbələ”nin “çemodan”ını yığıb Türkiyəyə üz tutmasını başa düşmək olar. Bəs yaxşı, mövsüm başlayandan ianə kampaniyası başladıb, avtobus almaq üçün pul yığan “Kəpəz”, “Turan Tovuz” kimi komandaların  bir avtobusun pulunu aparıb Antalyadakı otellərə tökməsinin arxasında nə dayanır? Yəni iki dənə yoxlama oyununu elə Bakıda, ya da Qəbələdə, öz aralarında keçirə bilməzdilər? Deyəsən, kimlərsə “Antalyada toplanış” adı altında bir avtobusun puluna göz dikib…

Qurban Qurbanovun qayğısı

Antalyada olarkən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da görüşmək fürsətimiz oldu. “Köhlən atlar”da Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov kimi futbolçuların zədələnərək uzun müddətə sıradan çıxması Qurbanovu xeyli qayğılandırmışdı. Bunu onun komandanın zədəliləri haqda danışarkən üzündəki ifadədən də, sözlərindən də hiss etmək çətin deyildi. Amma şəxsən mənim üçün daha çox maraqlı olan, uzun illərdir ki, Komanda.az saytının sorğusunda ölkənin ən yaxşı məşqçisi seçilən Qurban bəylə futboldankənar mövzularda söhbət etmək, onun din, inanclar, ölkələr, insanlar barədə düşüncələrini öyrənmək idi.

Ağıla gələn sual

Antalyaya təkcə komandalar – futbolçular və jurnalistlər getməmişdi. Türkiyənin bu turizm cənnətinə üz tutanlar arasında klub prezidentləri (Kamran Quliyev, Riad Rəfiyev), milli komandanın baş məşqçisi Canni De Byazi, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, menecerlər, müxtəlif yaş qrupları üzrə millilərin məşqçiləri də var idi.

Ümid edirəm ki, bu adamların heç olmasa yarısı Antalyaya getmək məqsədlərindən asılı olmayaraq, ordakı təbii örtüklü meydançaları, stadionları görəndə bizim “Xəzər Lənkəran”ı, “Viləş”ı, “Şəmkir”i, “Karvan”ı, “MKT-Araz”ı xatırlayıb “niyə burdakı şəraitin yüzdə biri bizdə yoxdur” sualı üzərində dayanıblar. Futboldan danışırıqsa, bizdə ümumiyyətlə, çox şey yoxdur. Çox şeyi olmayan futbolun hesabına ciblərini dolduran boşboğazlar, milyonlar qazanan dırnaqarası rəhbərlər isə çoxdur. Lap Antalyadakı saysız-hesabsız məşq meydançaları, stadionlar qədər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button