Adnan Yanuzay üçün mövsüm erkən bitdi

İspaniyanın “Real Sosyedad” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Adnan Yanuzay zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə belçikalı futbolçunun La Liqanın 33-cü turu çərçivəsində baş tutan “Espanyol”la oyunda (2:1) zədələndiyi diqqətə çatdırılıb.

25 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onda əzələ yırtılması aşkarlanıb və bu mövsüm bir daha meydana çıxmayacağı dəqiqləşib.

2017-ci ildən “Real Sosyedad”ın formasını geyinən Yanuzay, bu mövsüm La Liqada 23 oyuna çıxıb, 3 qol vurub.