A Seriyası klubu hücumçusunu satdı, yarımmüdafiəçi aldı

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sassuolo”nun yarımmüdafiəçisi Filip Duriçiçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Serbiyadan olan hücumameylli yarımmüdafiəçi yeni klubuna azad agent kimi keçib. Bu üzdən də, “Sampdoriya” keçmiş futbolçusuna görə “Sassuolo”ya əlavə təzminat ödəməyib.

Filip Duriçiç 2018-ci ildə məhz “Sampdoriya”dan “Sassuolo”ya transfer olunmuşdu. O, bu komandanın heyətində keçirdiyi 4 mövsüm ərzində 100 oyuna çıxıb, 14 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Duriçiç 2016-2018-ci illər aralığında oynadığı “Sampdoriya”da cəmi 23 matça çıxsa da, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. Həmin vaxt o, “Benevento”ya icarəyə də verilmişdi.

Duriçiç daha öncə “Radniçki”, “Herenven”, “Benfika”, “Maynts”, “Sauthempton” və “Anderlext” kimi klubların da formasını geyinib. O, Serbiya yığmasında keçirdiyi 35 oyunda 4 qol vurub.

“Sampdoriya” hücumçusu Federiko Bonatsolini də “Salernitana”ya satıb. Klub buna görə 5 milyon avro qazanc əldə edib. 25 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

“İnter”in yetirməsi olan italiyalı hücumçu, 2015-ci ildən “Sampdoriya”da olsa da, əsasən müxtəlif klublarda icarədə oynayıb. O, “Lansano”, “Breşiya”, SPAL, “Padova”, “Torino” kimi klubların formasını geyinib. Geridə qalan mövsümdə isə hücumçu məhz “Salernitana”da icarədə oynayıb. O, bu komandada 32 oyuna 12 qol vurub.

“Salernitana” “Yuventus”un yarımmüdafiəçisi Qriqoris Kastanosu da transfer edib. Kiprdən olan 24 yaşlı futbolçu ilə də 4 illik müqavilə imzalanıb. 2016-cı ildən Turin klubunda olan yarımmüdafiəçi bu klubun əsas komandasında cəmi 1 oyun keçirib. “Peskara”, “Zulte Varegem”, “Frozinone” kimi klublarda icarədə oynamış futbolçu ötən mövsümü də məhz “Salernitana”da keçirmişdi. O, bu komandada 27 oyuna 1 qol vurub. Kipr yığmasında 31 oyun keçirmiş Kastanos, 3 qolla yadda qalıb.

“Salernitana” “İnter”dən də mərkəz müdafiəçisi Lorenso Pirolanı icarəyə götürüb. 20 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcək. İtaliyanın U-21 yığmasının üzvü ötən mövsümü də “Monza”da icarədə keçirib.