Rəcəbovla Məmmmədyarov internet-turnirdən kənarda qaldı
Dünya çempionu Maqnus Karlsenin şahmat tarixində ilk dəfə təşkil edəcəyi internet-turnirin bütün iştirakçıları müəyyənləşib.
Komanda.az xəbər verir ki, norveçli qrossmeysterin aprelin 18-də start götürəcək yarışda FİDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində ilk 8 yerdə qərarlaşmış şahmatçıları görmək istəyi gerçəkləşməyib. “8-lik”dəki zəka sahiblərindən rusiyalı Aleksandr Qrişuk (6-cı yer), ermənistanlı Levon Aronyan (7-ci yer) və ABŞ təmsilçisi Uesli So (8-ci yer) turnirə qatılmayacaq. Onların əvəzinə fərdi qaydada hollandiyalı Aniş Giri (10-cu yer), ABŞ təmsilçisi Hikaru Nakamura (18-ci yer) və iranlı Alireza Firuzca (21-ci yer) dəvət olunub.
Daha 5 iştirakçı isə Karlsendən əlavə, ABŞ təmsilçisi Fabiano Karuana (2-ci yer), çinli Dinq Liren (3-cü yer), rusiyalı Yan Nepomnyaşi (4-cü yer) və fransalı Maksim Vaşye-Laqrav (5-ci yer) olacaq. FİDE reytinqində müvafiq olaraq, 9-cu və 11-ci yerlərdə qərarlaşmış Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun kənarda qalmalarının səbəbi məlum deyil.
İki həftə davam edəcək turnir dairəvi sistem üzrə başlayacaq. Əvvəlcə hər bir iştirakçı arasında görüş keçiriləcək. Daha sonra liderlər “pley-off” oynayacaqlar. 250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq.
Bizi Facebook-da izləyin