“Neftçi”dən xal almağımızı “Qarabağ”a kömək kimi qələmə verirlər”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim “Səbail”i gördüm. İlk hissədə iki real qol şansımız oldu. İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki “Neftçi” kimi rəqibə qarşı oynadıq. “Neftçi” azarkeşlərinin “Səbail”i təhqir etməsinə gəlincə, mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilirlər. Bizim “Neftçi”dən xal almağımızı “Qarabağ”a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilər. Heç birimiz bu sözlərə layiq deyil. Onların rəhbərləri ilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı “Neftçi”dən görürəm. Gənc oyunçularımıza söz atırlar. Öz oyunumuzu düşünürük. Bizi nə “Qarabağ”, nə də “Neftçi” maraqlandırır”.
Baş məşqçi uğursuzluq zolağında olmalarını bu cür şərh edib: “Qalatasaray” da 8 oyunda qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdi. Son sırada olmağımız normal haldı. Strategiyamız var. Gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularına uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub. İndi belə şey yoxdu. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır”.
Bizi Facebook-da izləyin