“Neftçi” Abubakarla vidalaşır? – Açıqlama

Mövsüm ərzində hücum xəttində yaşanan problemləri aradan qaldırmaq istəyən “Neftçi” səs-küylü transferə imza ataraq, vaxtilə “Beşiktaş” və “Portu” kimi klubların formasını geyinmiş Vensan Abubakarı heyətinə qatmışdı. Kamerunlu forvardın Bakıya gəlişi azarkeşlərdə böyük ümid yaratmış, bu transfer əksəriyyət tərəfindən “ağ-qaralar”ın uğurlu addımı kimi qiymətləndirilmişdi.

34 yaşlı hücumçu xüsusilə, “Neftçi”nin sabiq baş məşqçisi Samir Abasovun rəhbərliyi dönəmində komandada əsas fiqurlardan biri idi. O, “Neftçi”dəki ilk rəsmi matçında – “Qəbələ”yə qarşı oyunda həm qol vurmuş, həm də məhsuldar ötürmə ilə yadda qalmışdı. Abubakarın performansı onun komandaya tez uyğunlaşdığını göstərirdi.

Ancaq qış fasiləsindən sonra komandada vəziyyət dəyişdi. Baş məşqçi postuna Yuri Vernidubun gətirilməsindən sonra Abubakar əvvəlki statusunu itirdi. Yüksək maaşla və komandanın hücum problemlərini həll edəcək əsas fiqur kimi transfer olunan forvard getdikcə daha çox ehtiyat oyunçular skamyasında görünməyə başladı.

Artıq 2025/26 mövsümü başa çatıb. “Neftçi” Azərbaycan Premyer Liqasını turnir cədvəlinin 4-cü pilləsində tamamlayaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. İndi isə əsas suallardan biri budur: Abubakar növbəti mövsüm də “ağ-qaralar”ın planlarına daxildirmi? Bir müddət əvvəl onunla Türkiyənin 1-ci liqa klubu “Bursaspor”un maraqlandığı haqda xəbər yayılmışdı.

Məsələyə aydınlıq gətirmək üçün “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı ilə əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında bildirdi ki, hələlik kamerunlu futbolçu ilə bağlı qərar verilməyib:

“Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək”.

Bu isə Abubakarın gələcəyinin hələ də qeyri-müəyyən olaraq qaldığını göstərir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button