
Antoni məyus olub
“Betis”in hücumçusu Antoni 2026-cı il dünya çempionatı üçün Braziliya millisinin heyətinə düşməməsinə münasibət bildirib.
26 yaşlı forvard qərardan məyus olduğunu gizlətməsə də, milli komandaya qayıtmaq üçün çalışmağa davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, hələ də Braziliya forması ilə böyük turnirdə oynamaq arzusu bitməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Antoni sosial şəbəkə hesabındakı paylaşımında kədərləndiyini bildirib:
“Dünya çempionatında Braziliya millisində oynaya bilməyəcəyim üçün kədərlənirəm, amma sakitəm və indiyə qədər qazandıqlarımla qürur duyuram. Həmişə necə çalışmışamsa, elə də davam edəcəm, çünki bu xəyal hələ də yaşayır”.
Futbolçu, həmçinin, turnirdə iştirak edəcək komanda yoldaşlarına dəstək mesajı göndərib:
“İndi Braziliyanı təmsil edəcək dostlarımı dəstəkləmək vaxtıdır. Onları buradan dəstəkləyəcəm”.
Braziliyalı hücumçu bu mövsüm 45 oyunda iştirak edib, 14 qol vurub və 10 məhsuldar ötürmə verib.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



