“Liverpul”un azarkeşləri etiraz aksiyası keçirəcək

“Liverpul”un azarkeşləri bilet qiymətlərinin artırılmasına etiraz olaraq aksiyalar keçirməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Azarkeşlər Şurası etirazların aprelin 11-də “Fulhem”lə keçiriləcək Premyer Liqa oyunu zamanı, “Enfild” stadionunun daxilində və ətrafında təşkil olunacağını bildirib.

Şura, azarkeşləri stadion daxilində pul xərcləməməyə və abunə biletlərini yeniləməyi təxirə salmağa çağırıb. Məqsəd klubun sahibi Con Henry və idarəedici şirkət “Fenway Sports Group” üçün ciddi mesaj verməkdir.

Mersisayd təmsilçisi yaxın üç mövsüm ərzində bilet qiymətlərinin artırılacağını açıqlayıb. Klub bu qərarı inflyasiya ilə əsaslandırır. 2026/27 mövsümündən etibarən böyüklər üçün biletlərin qiyməti 3 faiz artaraq 39–61 funt-sterlinq aralığında bahalaşacaq. Həmçinin, hazırda 713–904 funt-sterlinq arasında dəyişən mövsümlük abunə biletlərinin qiyməti də 21,5–27 funt-sterlinq artırılacaq.

Klub rəhbərliyi bildirir ki, 2016/17 mövsümündən bu yana oyun günləri üzrə əməliyyat xərcləri 85 faiz artıb. Ancaq azarkeşlər hesab edir ki, media və kommersiya gəlirlərini nəzərə alsaq, bu artıma ehtiyac yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button