
Dörd komandanın “konsert”i: Hər şey onların arasında həll olunmalıdır
Azərbaycan Premyer Liqası mövsümün ən həlledici mərhələsinə daxil olur. Son illərdə çempionatın zirvəsində gördüyümüz və artıq bir qədər də öyrəşdiyimiz mənzərə bu dəfə demək olar ki, dəyişib. Əvvəlki mövsümlərdə adətən bu vaxtlar çempionun kim olacağı ilə bağlı suallar çoxdan cavabını tapmış olurdu. Əksər hallarda hamı eyni fikirdə idi: “Qarabağ” yenə də rəqiblərindən bir addım öndədir və böyük ehtimalla, çempionluğu təmin edəcək. Bu dəfə isə vəziyyət bir qədər fərqlidir.
Ağdam təmsilçisinin yenə də əsas favoritlərdən biri olması danılmaz faktdır. Ancaq meydanda baş verənlər göstərir ki, bu mövsüm rəqiblər əvvəlki illərlə müqayisədə daha iddialı və daha cəsarətlidir. Xüsusilə də, “Sabah”ın çıxışı çempionatda yeni bir rəqabət mühiti formalaşdırıb. Ötən mövsüm ölkə kubokunu “Qarabağ”ın əlindən almağı bacaran paytaxt təmsilçisi bu dəfə daha böyük hədəflərlə meydandadır. “Bayquşlar” yalnız kubokla kifayətlənmək istəmirlər. Onların məqsədi həm kubokun qalibi adını qorumaq, həm də Premyer Liqada çempionluq uğrunda sona qədər mübarizə aparmaqdır.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda bu mövsüm göstərdiyi oyunla “mən də varam” mesajını açıq şəkildə verir. “Sabah”ın əsas rəqibi sayılan “Qarabağ”la ikili qarşılaşmalardakı performansı da bunu sübut edir. Hətta bəzən belə görünür ki, Masazır təmsilçisi yalnız nəticə qazanmaqla kifayətlənməyərək, rəqiblərinə psixoloji mesajlar da ötürür. Sanki demək istəyirlər ki, “sən altı qol vura bilirsənsə, mən bunu yeddi dəfə bacarıram”. Üstəlik, belə mesajların eyni tur çərçivəsində verilməsi çempionatda rəqabətin nə qədər artdığını açıq şəkildə göstərir.
Turnir cədvəlinin aşağı pillələrində isə mənzərə böyük ölçüdə dəyişməz qalır. Bu komandaların əksəriyyəti üçün əsas məqsəd yüksək hədəflər deyil, sadəcə, Premyer Liqada mövqelərini qoruyub saxlamaqdır. Bəzən elə təsəvvür yaranır ki, onların bütün planları mövsümü hansısa formada başa vurmaq, elitada qalmaq və növbəti mövsüm üçün dövlət tərəfindən ayrılan dotasiyanı əldə etmək üzərində qurulub. Bu səbəbdən də, bəzi komandalar sanki “sürünə-sürünə” mövsümü başa vurmağa çalışırlar.
Ən böyük maraq isə təbii ki, avrokuboklara vəsiqə uğrunda gedən mübarizə ilə bağlıdır. İlk iki pillədə qərarlaşacaq komandaların adları artıq az-çox bəllidir. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas hələ komandasını Avropa arenalarında görməyə tam inanmaq istəməsə də, reallıq budur ki, Masazır təmsilçisinin bu istiqamətdə mövqeyi kifayət qədər möhkəmdir. Demək olar ki, avrokubok bileti artıq hazırdır, sadəcə rəsmiləşdirilməsi qalır.
UEFA Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” isə görünür, bu uğursuzluğun acısını daxili çempionatda çıxmaqda qərarlıdır. “Araz-Naxçıvan” üzərində qazanılan 6:0 hesablı qələbə komandanın nə qədər hirsli və motivasiyalı olduğunu göstərdi. Sanki “köhlən atlar” qarşısına çıxan hər rəqibi əzmək niyyətindədir. Bu isə çempionatın son turlarında gərginliyin daha da artacağından xəbər verir.
Ölkə kubokunun taleyi də avrokuboklara (Avropa Liqası, Konfrans Liqası) vəsiqələrin bölüşdürülməsində mühüm rol oynaya bilər. Kuboku “Sabah” və ya “Qarabağ” qazansa, bu ikisindən biri həm də Premyer Liqanın çempionu olarsa, bu halda çempionatda ilk dörd pilləni tutan komandalar ölkəni Avropa səhnəsində təmsil etmək şansı əldə edəcəklər. Hazırkı vəziyyətə baxanda isə bu yerlər uğrunda mübarizənin əsas iştirakçıları kimi “Turan Tovuz” və “Zirə” ön plana çıxır. Hər iki komanda mövsümboyu sabit oyun nümayiş etdirməyə çalışır və avrokuboklara vəsiqə qazanmaq niyyətlərini gizlətmir.
Bununla belə, çempionatın sonuna hələ 10 tur qalır və futbolun gözəlliyi də məhz bundadır: hər şey bir anda dəyişə bilər. Bir neçə uğurlu və ya uğursuz nəticə turnir cədvəlində bütün balansı alt-üst edə bilər. Ancaq komandaların hazırkı forması və meydanda göstərdikləri performans indidən müəyyən proqnozlar verməyə imkan yaradır. Görünən odur ki, Azərbaycan Premyer Liqasını bu mövsüm çox maraqlı və gərgin bir final mərhələsi gözləyir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



