
“Kayrat” “sükan”ı niyə yerli məşqçiyə tapşırıb?
Qazaxıstanın “Kayrat” klubunun Müşahidə Şurasının sədri Kayrat Boranbayev komandanın baş məşqçisi vəzifəsini niyə əcnəbi mütəxəssisin deyil, Rafael Urazbaxtinin tutduğunu izah edib.
Komanda.az “sports.kz” portalına istinadən xəbər verir ki, o, Rafaelin futbolçu karyerasında da kifayət qədər yetkin olduğunu bildirib:
“Əvvəla, Rafael futbolçu kimi kifayət qədər yetkin idi. O, Qazaxıstan millisində də çıxış edib. Bizimlə çalışmağa 10 il əvvəl gəlib və bu müddətdə bütün hazırlıq mərhələlərini keçib. Son on ildə klubda bir çox dəyişikliklər baş verib və Rafael onların hamısının şahidi olub”.
Klub rəhbəri əlavə edib ki, “Kayrat” əcnəbi baş məşqçilərlə işlədiyi dövrlərdə belə, komandanın maraqlarını təmsil edəcək yerli mütəxəssislərin olmasına önəm verib:
“Urazbaxtin həm Kurban Berdıyev, həm də Aleksandr Kerjakovla birlikdə çalışıb. Buna görə də onun böyük təcrübəsi var. Adətən ikinci məşqçi bir çox hallarda baş məşqçidən daha çox şey bilir”.
Almatı təmsilçisi Rafael Urazbaxtinin rəhbərliyi altında klubun tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



