
Qurban Qurbanov: “Belə hesabı istəyirdim, amma gözləmirdim”
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, 5:1 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov yaxşı bir oyun olduğunu bildirib:
“İlk öncə komandamı təbrik edirəm. Çox vacib qələbə qazandıq.
Oyuna gəldikdə isə, get-gedə futbolçular bir-birini daha yaxşı anlayırlar. Vaxt keçdikcə daha da uyğunlaşacaqlar. Yaxşı bir oyun oldu, bolqollu, azarkeşlərin gözlədiyi kimi oldu. Bununla belə, rəqibə də uğurlar arzulayıram.
Bu cür qalibiyyətlər xoş olur. Belə hesab istəyirdim, amma gözləmirdim.
Hikmət Cəbrayılzadə bir neçə aydır bizimlədir. Aftandil (məşqçi Aftandil Hacıyev) müəllim təklif etmişdi. Gəldiyi gündən özünü yaxşı tərəfdən göstərdi. Yaxşı fiziki qabaritləri var. Onu tam əminliklə götürmüşəm komandaya. Amma yenə də, çalışmaq lazımdır.
Belə oyunlar olur, amma qol buraxdıqdan sonra qalib gəlmək çox vacibdir. Keçmişdə olan “Lex”lə oyun barədə ümumiyyətlə düşünmədim. Nə oyunun gedişində, nə də oyundan sonra…
Həmişə demişəm ki, futbolçularımın sağlam olmasını istəyirəm. Fərqi yoxdur, start heyətdə çıxdı və ya sonradan oyuna daxil oldu. Hər bir futblçunun özünəməxsus keyfiyyətləri var.
Növbəti rəqib haqda düşünmürəm. Ümumiyyətlə, arzuladığım rəqib yoxdur. Kim olursa olsa, elə də fərq eləmir. Çünki bu mərhələ artıq qrup kimi bir şeydir. Ona görə, artıq qarşıdakı oyuna hazırlaşacağıq.
Hansısa bir yük varsa, deməli, orda iş keyfiyyəti də yüksək olur. Qaldı ki meydanda tək qalmaq, “Sabah” da, bilmək olmaz, çıxışını davam etdirə bilər. Mən həmişə demişəm, azərbaycanlıların dediyi hər bir söz, tənqid mənim üçün önəmlidir. Belə olan halda daha məsuliyyətli, daha aktiv olursan”.
İlk oyunda da qələbə (1:0) qazanan Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin