“Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin Premyer Liqanın 2-ci turunda “Sumqayıt”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Hacıyev, 3:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

  • Hər iki komandanın daha çox yerli futbolçulardan olması maraqlı idi. Bərabər səviyyədə oyun oldu. Hər iki tərəfdə səhvlər var idi. Bundan istifadə edən biz olduq. İki hissəni müqayisə edəndə, ilk yarıya yaxşı girə bilmədik. Tapşırıqların bir çoxunu etməyə çətinlik çəkdilər. Rəqib oyuna daha aqressiv başladı. İkinci hissədə oyunçular çox çalışdı. Hava da olduqca hərarətli idi. Bu cür şəraitdə 3 xal qazanmağı “Səbail”in lehinə yazmaq olar. Rəqibi də təbrik edirəm. Bundan sonrakı turlarda sözlərini deyəcəklərinə əminəm.
  • Komandanın artıq özünə gəldiyini demək olarml?
  • Xeyr. Bizim də problemlərimiz var. Bu cür şəraitdə futbolçular 2 qələbə qazanıbsa, onları alqışlamaq lazımdır. Bu cür davam etməliyik. Amma uğurlu gedişatın nə qədər çəkəcəyini bilmirik.
  • Yaxşı start sizi ümidləndirirmi?
  • Hər zaman ümidliyik. Rəqiblər də güclənib. Heyətimiz digər rəqiblərlə müqayisədə elə də geniş deyil. Eriko kimi müdafiəçimizi də itirdik. Sabit qalmaq üçün güclənməliyik. Ancaq təəssüf ki, bu imkan yoxdur.
  • İllik büdcə azaldılıbmı?
  • Azaldılıb. Demək olar ki, yarı-yarıya. Sponsorlarla ciddi problemlər yaranıb. Bu büdcəylə futbolçuları qoruyub, saxlamağa çalışırıq. Bu mübarizənin hansı yer uğrunda olacağını bilmirik.
  • Gedən futbolçular olacaqmı?
  • Bəli. Rəhbərlik hər futbolçunun qərarına hörmətlə yanaşacağını deyib. Amma komandanı dəyişməyin hansısa futbolçuya müsbət təsir edəcəyini düşünmürəm. Hər komandada çətinlik olur.
  • Ədilxanın cərimə zərbəsini vurması sizin tapşırığınız idi?
  • Bəli, istədim o vursun. Yaxşı motivasiya üçün. Gənc oyunçular kifayət qədər çox idi. Onlar gələcəkdə milli komandalarda da çıxış edə bilərlər.
  • Komandadan eniş gözləyirsizmi?
  • Ötən mövsümün sonunda çox çətinlik çəkdik. Bu gün komandada fiziki tərəfi stabilləşdirməyə çalışırıq. Nə qədər davam edəcəyini bilmirəm. Zədələnmələr də ola bilər. Futbolçuların zədə almaması üçün çalışırıq. Ehtiyat qüvvəmiz olsa, futbolçuları balanslaşdıra bilərik. Bu zaman çempionatın sonuna kimi stabilliyi saxlamaq olar.
  • Növbəti tur “Qarabağ”la oynayacaqsız…
  • “Qarabağ”la oyunlar həmişə çətin olur. Onlar digər komandalardan 5 baş üstündür. Yaxşı oyun nümayiş etdirmək üçün çalışacağıq. Bundan əvvəlki turda əsasən ehtiyat oyunçularla oynayırdılarsa, bizimlə oyunda əsas heyətlə olacaqlarını düşünürəm.
  • Baş məşqçi olaraq qarşınıza qoyduğunuz məqsəd nədir?
  • Bizə konkret məqsəd demiyiblər. Rəhbərliyi də başa düşürük. Durum hər an düzələ də bilər, əksinə də ola bilər. Ruhdan düşməyə çalışmırıq. Futbolçular da, biz də durumun düzəlməyini istəyirik.
  • “Qarabağ”ın sizdən 5 baş üstün olduğunu deməklə, artıq 0:1 geridə olduğunuzu düşünmürsüz?
  • Tək bizdən deyil, bütün komandalardan üstündülər. Ancaq bu o demək deyil ki, təslim olacağıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button