Niderland mətbuatı: “Qurban Qurbanov uzun yol qət edib”

Niderland mətbuatı Avropa Liqasının əsas 3-cü turunun “Qarabağ” – “Ayaks” oyunu ərəfəsində Ağdam klubu haqda yazı təqdim edib.

Komanda.az xəbər verir ki, “Ajax Showtime” portalı Qurban Qurbanovun uzun illərdir ki, Azərbaycan çempionuna rəhbərlik etdiyini xatırladıb:

“Qarabağ” Ağdam şəhərinin klubudur. Bu şəhər 1990-cı illərin əvvəllərində erməni qoşunları tərəfindən praktiki olaraq dağıdılıb. 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişdən sonra Ermənistan silahlı qüvvələri qoşunlarını oradan çıxarıb. Bundan sonra Azərbaycan qoşunları şəhərə daxil olub və şəhər yenidən Azərbaycanın nəzarətinə keçib. “Qarabağ” oyunlarını Bakıdakı “Azərsun Arena” və Tofiq Bəhramov stadionunda keçirir. “Ayaks”la görüş isə 30 mindən çox tamaşaçı tutumuna malik olan Tofiq Bəhramovda baş tutacaq.  Qonaq azarkeşlər üçün 1560 bilet satışa çıxarılsa da, hamısı satılmayıb. Bakıya uzun səfəri və bununla bağlı xərcləri nəzərə alsaq, bu, məntiqsiz deyil.

“Qarabağ”ın heyətində Azərbaycandan olan futbolçularla yanaşı, başqa ölkələrdən də çoxlu oyunçu var. Bu komandada Kolumbiya, Braziliya, Kabo-Verde, Əlcəzair, Qana, Fransa, Rusiya, Ukrayna, Polşa və Monteneqrodan olan futbolçular oynayır. Onların əksəriyyəti Azərbaycan millisinin üzvüdür: 14 nəfər.

Bununla belə, heyətdə ən dəyərli oyunçu millinin üzvü deyil. Söhbət braziliyalı hücumçu Juninyodan gedir. Ukraynalı cinah hücumçusu Aleksey Kaşuk və polşalı qolkiper Mateuş Koxalskinin də qiyməti nisbətən bahadır. Amma yenə də, “Ayaks”la əhəmiyyətli dərəcədə fərq var. “Transfermarkt” portalının məlumatına görə, Juninyonun bazar dəyəri 2 milyon avro, bütün komandanın ümumi dəyəri isə 20,23 milyon avrodur. Erediviziyada cəmi 6 klubun bazar dəyəri bundan aşağıdır. Rotterdamın “Sparta” klubu Azərbaycan təmsilçisindən az qala iki dəfə bahadır. Bəs “Ayaks”? Burada ən yüksək qiymət Brayan Brobbiyə məxsusdur – 35 milyon avro, Amsterdam klubunun özü isə 222,05 milyon avro dəyərində qiymətləndirilir.

Bəs baş məşqçi məsələsi necədir? Beş ildən artıqdır ki, klubda çalışan məşqçilər var. Bunu nə qədər tez-tez görürük? Frank de Bur və Erik ten Haq uzun müddət “Ayaks”ı çalışdırsalar da, Qurban Qurbanov uzun yol qət edib. Hələ Frank de Bur “Ayaks”ı çalışdırmazdan əvvəl Qurban Qurbanov artıq “Qarabağ”a rəhbərlik edirdi. O, 2008/09 mövsümündən ağdamlıları çalışdırır. O zaman “Ayaks”ın baş məşqçisinin kimin olduğunu xatırlayırsız? Düzdür, Marko van Basten. Həm də, maraqlı fakt: Cordan Henderson həmin mövsüm “Sanderlend”də peşəkar futbolçu kimi debüt etmişdi.

Ötən mövsüm “Qarabağ” Avropa Liqasında yaxşı çıxış etmişdi. Qrup mərhələsində onlar iki dəfə “Bayer”ə (Leverkuzen) uduzsa da, “Molde” və “Hakken”i qabaqlayara, ikinci yeri tutdu. 1/16 finalda azərbaycanlılar Portuqaliyanın “Braqa” klubuna qalib gələrək (4:2, 2:3) sürpriz yaratmağı bacardılar. 1/8 finalda yenə sürprizə yaxın idilər və yenə rəqib “Bayer” idi. “Qarabağ” doğma meydanda Juninyo və Benzianın qolları sayəsində 2:0 öndə olsa da, almanlar oyunun son mərhələsində hesabı bərabərləşdirə bildilər. Cavab oyununda isə Ağdam klubu yenidən hesabda önə keçmişdi: Zubir və Juninyo qollar vurdu. Belə görünürdü ki, onlar növbəti mərhələyə adlayacaqlar, amma Frimponq və Şikin qolları “Qarabağ”ı turnirdən kənarda qoydu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button